Azərbaycanın Yaxın Şərqdə mümkün AKTİVLİYİ: “Hansısa arzuedilməz hərbi kampaniyaya qoşulacağıqsa…” – RƏY

“Suriya böhranı ilə bağlı prosesdə Azərbaycan hərbçiləri, ümumiyyətlə iştirak etməyiblər”.

Bu fikirləri yaranmış beynəlxalq şəraitdə Azərbaycanın Yaxın Şərq proseslərində diplomatik fəallığını artırmaq zərurətini dəyərləndirən Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin siyasəti sayəsində ölkə arzuedilməz beynəlxalq hərbi kampaniyalardan kənarda qalıb:

“Əvvəla, onu qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkənin milli maraqlarına tam cavab verən və müxtəlif güc mərkəzləri ilə bərabər məsafə saxlanılan xarici siyasət kursunu müəyyən edir. Eyni zamanda Azərbaycan Prezidentinin xarici siyasəti çoxvektorludur və atılan addımlar ilk növbədə ölkənin milli maraqlarına əsaslanır. Dövlət başçısı da vurğuladı ki, postmüharibə dövründə qarşımızda dayanan əsas məsələ müharibənin nəticələrinin beynəlxalq miqyasda tanınmasıdır. Prezident qeyd etdi ki, son iki il ərzində aparılan siyasət nəticəsində bu məqəsədə nail olunub.

Dövlət başçısı onu da bildirib ki, aparılan müstəqil siyasətimiz nəticəsində Azərbaycanın mənafelərinə zidd olan bir sıra beynəlxalq hərbi kampaniyalardan kənarda qalmışıq. Hesab edirəm ki, Suriya məsələsinə də məhz bu kontekstdə baxmaq lazımdır. Azərbaycan hərbi kontingenti vaxtilə İraqda beynəlxalq antiterror koalisiyasının tərkibində öz missiyasını yerinə yetirdikdən sonra geri qaytarıldı. Suriya böhranı ilə bağlı prosesdə isə Azərbaycan hərbçiləri, ümumiyyətlə iştirak etməyiblər.

Bir daha vurğulamaq istərdim, Azərbaycan Prezidenti dövlətimizin daha da möhkəmlənməsinə, güclənməsinə xidmət edən siyasət müəyyənləşdirib. Əgər Azərbaycan hansısa arzuedilməz beynəlxalq hərbi kampaniyaya qoşulacaqsa və xalqımız, dövlətimiz bundan əziyyət çəkəcəksə, Ali Baş Komandan buna heç vaxt imkan verməz. Fikrimcə, belə diplomatiya və davranış sayəsində Azərbaycan bir çox bəlalardan hifz olunub. Bu səbəbdən, Azərbaycan hazırda tək müsəlman dünyasında yox, mürəkkəb dünyamızda “sabitlik adası” kimi qəbul olunur, hörmətlə yanaşılır”.

A.Zeynalov