“Azərbaycanla 3-cü müharibədən qorxmağım…” – Paşinyan

Regional sabitliyin pozulmasına və bu istiqamətdə atılan addımlara gəlincə, bu, təbii ki, hər bir sağlam düşüncəli insanda narahatlıq yaradır.

 

Yenicag.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsində Ermənistanla Azərbaycan arasında üçüncü müharibənin başlaya biləcəyindən qorxub-qorxmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

“Qorxu – yanlış sözdür, çünki Ermənistan demokratik, inkişaf edən dövlətdir və Ermənistan, artıq qeyd etdiyim kimi, davamlılığını artırmaq üçün genişmiqyaslı islahatlar həyata keçirir və yeri gəlmişkən, son illərdə düşünürəm ki, beynəlxalq ictimaiyyət də, bizim cəmiyyət də gördü ki, ölkəmizin dayanıqlılığı xeyli artıb. Biz Ermənistanın inkişafına və davamlılığının artırılmasına yönəlmiş islahatlar yolunu davam etdiririk. Regional sabitliyin pozulmasına və bu istiqamətdə atılan addımlara gəlincə, bu, təbii ki, hər bir sağlam düşüncəli insanda narahatlıq yaradır”.

Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin dövlətlərarası xarakter daşıması çox vacibdir:

“Diplomatik münasibətlərimiz olmasa da, imzaladığımız sənədlərə istinad etmək məcburiyyətindəyəm. Mən artıq dedim ki, biz Azərbaycanla gücdən istifadə etməmək və güc tətbiq etməklə hədələməmək haqda sənəd imzalamışıq. Əgər Azərbaycan imzaladığı sənədlərə hörmət etmirsə və ya hörmət etməməlidirsə, o zaman Azərbaycan istənilən ölkəyə hücum edə bilər, niyə təkcə Ermənistan? Azərbaycanın ətrafına baxın: əgər o, beynəlxalq öhdəliklərini yerinə yetirməsə, o zaman hər hansı qonşu dövlətə hücum edə bilər, əgər belədirsə”.

Jurnalistin “Beynəlxalq zəmanətlər alarsa, Əliyevin bu öhdəlikləri yerinə yetirəcəyinə inanırmı” sualına Paşinyan belə cavab verib:

“Mən Allaha inanıram. Hesab edirəm ki, özünə hörmət edən hər bir dövlət öz öhdəliklərini yerinə yetirməlidir”.

COP29