Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsinin imzalanması mərasimi keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazir Sahil Babayev ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsinin, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb.
Nazir bu istiqamətə aparılan işlərdə, həyata keçirilən islahatlarda BMT-nin İnkişaf Proqramı ilə səmərəli əməkdaşlığın formalaşdığını qeyd edib. S.Babayev ötən dövrdə birgə icra olunan layihələrin əhəmiyyətini, belə layihələrdən biri olan “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsinin müddətinin daha bir il uzadıldığını diqqətə çatdırıb. O, həmin layihənin SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) üzrə Bakıda və ölkənin ayrı-ayrı bölgələrində təşkil olunan təlim mərkəzləri vasitəsilə gənclərə müasir iş axtarışı bacarıqlarının öyrədilməsinə, qısa müddətdə onların işlə təmin edilmələrinə dəstək verdiyini deyib.
S.Babayev “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin isə həmin həssas qruplardan olan işsiz şəxslərin potensialını artırmaq və onların formal əmək bazarında səmərəli məşğulluğu üçün imkanlar yaratmaq məqsədinə xidmət etdiyini vurğulayıb.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti qeyd edib ki, BMT İnkişaf Proqramı əlilliyi olan insanların məşğulluq imkanlarının artırılması sahəsində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır. O, həmçinin BMT İnkişaf Proqramının Azərbaycanda əlverişli iş mühitinin yaradılması və inklüziv sahibkarlığın stimullaşdırılmasında Azərbaycan hökumətini dəstəkləməkdən böyük məmnunluq duyduğunu bildirib.
Sonra S.Babayev və A. Frakassetti “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsini imzalayıblar.
Beş illik dövrü əhatə edən layihə ilk növbədə əlilliyi olan şəxslər üçün özünüməşğulluq fəaliyyətlərini pilot qaydada həyata keçirərək, bu təbəqədən olan 500 şəxsin dayanıqlı biznes qurmasına dəstək göstərəcək. İştirakçıların sahibkarlıq vərdişlərinin gücləndirilməsi ilə yanaşı, layihə onların əmək bazarına çıxışla bağlı üzləşdikləri xüsusi problemləri və maneələri nəzərə alaraq sosial və peşə-əmək reabilitasiyasını təmin edəcək.
Layihə əlilliyi olan insanların əmək bazarına inteqrasiyasına (reinteqrasiyasına) hərtərəfli dəstəyi təmin etmək məqsədilə qurumlararası əməkdaşlığa, bu qəbildən olan şəxslərlə bağlı gələcəkdə aktiv məşğulluq tədbirləri üzrə milli səviyyəli proqramın səmərəli icrası üçün institusional bazanın və Dövlət Məşğulluq Xidmətinin kadr potensialının gücləndirilməsinə də xidmət edəcək.