“Avropa İttifaqının bəyanatında onlarla insanın saxlanması barədə verilən məlumat yalandır. Qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa Ittifaqının bəyanatına münasibət bildirərəkən deyib. O, qeyd edib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunub.
“Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı. Buna baxmayaraq, onlar həmin ərazidə faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etmişdilər. “Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin III hissəsinin 1-ci bəndinə əsasən müvafiq ali hakimiyyət binalarının 200 metr radiusunda keçirildiyi təqdirdə, mitinqlər, nümayişlər, küçə yürüşləri qadağan oluna bilər.
Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri Lökbatan qəsəbəsi 28 May küçəsindəki “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif olunub. Buna baxmayaraq, şəhərin mərkəzi hissəsində qanunsuz aksiyanın keçirilməsinə cəhd olunub”.
Onun sözlərinə görə, polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Belə ki, polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayıb.
“Avropa İttifaqı tərəfindən bu gün Barselonada baş verən hadisələrə, o cümlədən dinc nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirilməsi yaxşı olardı.
Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər ölbürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar var. Təəssüf ki, bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz”.