!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla Ermənistanın kənarda qalacağı TOQQUŞMA: Rusiya ilə Qərbin Qarabağ oyunu - Səxavət Məmməd

!Reklam – Yazi

Qarabağ və sülh müqaviləsi ilə bağlı danışıqların dalana dirənmə mərhələsi başa çatdı. Artıq hərbi gərginliyin yerini siyasi oyunlar alıb desək, yanılmarıq.

Nə oldu ki, danışıqlara start verildi?

Danışıqlar dalana dirənən zaman yazırdım ki, prosesin başlaması üçün hərbi əməliyyat, qan və riskli addımlar atılmalıdır. Saydıqlarım mütləq şəkildə tərəfləri masaya yaxınlaşdıracaq. Azərbaycan ordusu iki hərbi əməliyyat həyata keçirdi. Özü də qüsursuz. Ardınca qanlı hadisə yaşandı, hər iki tərəf itkilər verdi. Riskli sayılacaq məsələ isə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsi qoyulması idi.

Niyə riskli?

Çünki Rusiya sülhməramlıları missiyasını yalnız Laçın dəhlizi üzərindən həyata keçirə bilirdilər. Tərəflərin maşın karvanlarını müəyyən vaxtlarda keçirir, lazım olanda ləngimələrə yol verib təzyiqlər də edirdilər. Laçın dəhlizi olmadan sülhməramlılar passiv qalırlar. Əgər proses belə davam edəcəksə, rusların edə biləckləri bir şey də qalmır. Elə bu səbəbdəndir ki, rəsmi Moskva bir neçə ağızdan Azərbaycan tərəfinə yolu açmaqla bağlı təzyiq edir. Yeri gəlmişkən, təzyiq edən tək Rusiya deyil. ABŞ də Azərbaycana yolu açmağı təkli edir. Hətta rəsmi Vaşinqton nəzarət-buraxılış məntəqəsini sülh danışıqlarına maneə kimi görür. Rəsmi Bakının addımı hər nə qədər haqlı olsa da, riskli idi. Hesab edirəm ki, bu cür riskli addımı atan tərəf təzyiqlərdən necə yayınacağını da hesablayıb.

Artıq Andrey Volkov vəzifəsindən azad edildi və onun yerinə general-polkovnik Aleksandr Lentsov gətirildi. Nədənsə bu məsələ üzərində Azərbaycan ictimaiyyəti çox baş sındırır. Ən çox verilən sual da budur: “Görəsən, ermənipərəstdir?”.

Əvvəla, onu qeyd etmək lazımdır ki, Ukraynada ağır döyüşlər keçirən ölkə ordusunda hələ də rotasiya edə bilir. Hər nə qədər də deyilsə ki, Rusiya ordusu qırılıb, batıb, şəxsi heyəti çatışmır, ancaq yenə rotasiyanı həyata keçirə bilir. Rusiyanı sevə də bilərsən, nifrət də edə bilərsən, ancaq bu addımından dərs çıxarmaqda fayda var. Azərbaycan ordusu daha mütərəqqi sayılan Türkiyə ordu modelinə keçid edib, ancaq ratasiya məsələsi hələ də yerində sayır…

Volkov, Lentsov, Muradov bunlar nəyisə dəyişəcək, həll edəcək şəxslər deyillər. Təəssüf ki, hərbi xidmət keçmiş, çiynində ulduzlar daşımış şəxslər belə bəzən bunları ittiham edir, sanki hər şeyi həll edəcək şəxs kimi onlara xitabən fikirlər səsləndirirlər. Ordular iyerarxiya sistemi ilə idarə olunur. Rütbəsi general-polkovnik olsa belə, Lentsov yuxarı komandanlıqdan əmr alır və onu icra edir. Ekofəalların aksiyası zamanı “Volkov gəlib hesab versin” deyiləndə də yazırdım ki, boş və mənasız çağırışdır. Çünki ən azı Rusiya ordusunun Şimal Hərbi Dairəsinin komandirinin icazəsi olmalıdır ki, Volkov harasa getsin. Hesab sorulacaq şəxs Vladimir Putindir.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün iki masa var – Moskva və Vaşinqton. Tərəflərin xarici işlər nazirləri Vaşinqtonda səfərdədirlər. Ehtimal ki, onların səfəri bitəndən qısa zaman sonra hər iki ölkənin lideri Rusiyaya səfər edəcək. Yeri gəlmişkən, bu səfərin razılaşdırıldığını Rusiya xarici işlər nazirliyinin sözcüsü Mariya Zaxarova açıqlamışdı.

ABŞ və Rusiyanın sülh paketində müəyyən fərqlər var. Rusiya Qarabağa həm status istəyir, həm də qarant ölkə kimi adının müqavilədə keçməsini. Bu, Rusiyaya imkan verir ki, tərəflərə istənilən vaxt təsir edə bilsin. ABŞ-nin təklifində nə status var, nə də hüquqi təmsilçilik. Hər iki tərəf arasında region uğrunda mübarizə gedir. Rusiya, bəlkə də, status məsələsində güzəştə gedə bilər, ancaq mütləq şəkildə adının müqavilədə keçməsində dirəniş göstərəcək. Çünki bu ad onun gələcəkdəki hansısa planlarını həyata keçirməkdə baza rolunu oynayacaq. Burada Ermənistan və Azərbaycan tərəfinin qərar verməsində müqavilənin cəlbediciliyindən daha çox hansı tərəfin təzyiqinin güclü olması rol oynayacaq.

Əgər Laçın dəhlizinin başlanğıcında nəzarət-buraxılış məntəqəsi arxa fonda Rusiya ilə razılaşdırılıbsa, rəsmi Moskva bir çox əməliyyatlara bilərəkdən göz yumubsa, bu o anlama gəlir ki, sülh müqaviləsinin imzalanmasında Moskva planı işləyəcək. Siyasətdə qarşılıqsız heç nə olmur. Azərbaycan Rusiya ilə oynaya bilir, buna görə də Ermənistanın vəziyyəti daha ağırdır. Çünki hər nə qədər Qərbə meyillilik olsa da, ölkədə Rusiya hərbi bazasının olması təhdiddir.

Rusiyanın təkliflərinə hər iki tərəf etiraz edə bilsə, siyasi oyunlar yerini hərbi oyunlara verəcək…

Səxavət Məmməd

www.yenicag.az

801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv