“Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir”, – deyən deputat yenidən NAMİZƏDDİR – VİDEO
Xəbər verdiyimiz kimi, Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb. Namizədlər arasında adı bir sıra qalmaqallarda hallanan şəxslər də var.
Yenicag.az xəbər verir ki, ilk dəfə 2020-ci ildə keçirilən növbədənkənar seçkilərdə parlamentarilər sırasına qoşulan və bu gün YAP tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən yenidən namizəd göstərilən 36 yaşlı deputat Nurlan Həsənov Tarif Şurasının benzinin qiymətinin artırılması ilə bağlı qərarına reaksiya ilə hafizələrə qazınıb.
2021-ci ildə saytımıza verdiyi açıqlamada Tarif Şurasının qərarını müdafiə etməyə çalışan gənc deputat “Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir” kimi bir cümlə işlətmə qəflətinə düşüb. Yenicag.az olaraq onun bu açıqlamasını yaydıqdan sonra sözlərini təkzib edən deputat saytımıza qarşı təhqiramiz ifadələr işlətmiş, sosial media hesabında deputata yaraşmayan paylaşımlar etmişdi. Sonradan deputatın səs yazısını yayımlayaraq onun iddialarının əsassız olduğu üzə çıxarılmışdı.
Maraqlıdır ki, bütün bu yaşananlardan sonra Həsənov sosial media hesabını bağlayıb.