Azərbaycanlı aktrisa beynəlxalq kinoşirkətin Xocalı filmində: “Sözlə ifadə etmək çətindir” – VİDEO/FOTOLAR

Azərbaycanlı gənc aktrisa Natavan Abbaslı Portuqalıyanın nüfuzlu kinoşirkəti “Original features” tərəfindən ekranlaşdırılan “Story of Khojali” filmində baş rola çəkilib.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru həmyerlimiz Nadir Maçanovdur. Filmin prodüserliyini isə portuqaliyalı rejissor, prodüser Andre Badalo edib.

N.Abbaslı təssüratlarını Yenicag.az-la bölüşüb:

– Necə oldu ki, belə bir nüfuzlu kinoşirkətin ərsəyə gətirdiyi filmdə rol aldınız?

– Açığı, mənim üçün də gözlənilməz və çox xoş oldu. Çəkilişdən bir həftə öncə, təklif aldım. Rejissorla görüşdük, elə həmin gün də filmə təsdiqləndim.

– Bildiyimiz qədər bu, sizin çəkildiyiniz ilk filmdir.

– Bəli, bu, mənim ilk çəkildiyim filmdir. Ekran işinin Xocalıya həsr olunması aktrisa və eyni zamanda bir azərbaycanlı olaraq üzərimdə böyük bir məsuliyyət yaradırdı. Belə bir layihə ilə səsimizi dünyaya çatdırmaq çox qürurverici idi. İstədiyimizə da nail olduq. Film həm Azərbaycanda, həm də ölkə xaricində nümayiş olundu və böyük bir maraqla izləndi. Nüfuzlu beynəlxalq KİV-də ekran işi ilə bağlı yazılar dərc olundu. Film eyni zamanda bir təbliğat vasitəsidir. İstərdim ki, belə taleyüklü filmlərimizin sayı çox olsun.

– Çox təsiredici bir filmdir. Gənc aktrisa olaraq çəkiliş prosesində hansı hissləri yaşadınız?

– Filmdə Xocalı soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur. Hisslərimi sözlə anlada bilməyəcəm.

– Musiqi də filmin təsir gücünü birəbeş artırıb…

– Filmin bəstəkarı Emil Həşimovdur. Filmin musiqisində etnosəslərə və milli musiqi aləti tara üstünlük verilib.
Onu da qeyd edim ki, bu film Nadir Maçanovla Andre Badalonun ilk işi deyil. Onlar “Bakı, mən səni sevirəm” kinolayihəsində də bir yerdə çalışıblar.

Cəvahir