Azərbaycanlı aktrisadan DƏHŞƏTLİ SÖZLƏR: “Onu öldürüb, əlimlə basdırmışam” – MÜSAHİBƏ+FOTOLAR

Gənc olsa da, şanlı aktrisadır. Bir çox məşhur filmlərdə – “Aktrisa”, “Yalan”, “Tərsinə cevrilən dünya”, “Ehram TV”- də rol alıb. Çalışdığı Gənc Tamaşaçılar Teatrında baş qəhrəmanları oynamaq şansı qazanıb. Rejissorlar onu fasiləsiz olaraq seriallara dəvət edib. Müsahibim “Sirr”, ”Günəsim ol”, “Səni ürəyim sevdi”, “Ləkə” kimi seriallarda özünəməxsus obrazlar yaradan gənc aktrisa Günel Məmmədovadır.

Aktrisanın Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Teatrda maraqlı obrazların var, amma nədənsə tamaşaçı səni səhnədən çox ekrandan – yəni seriallardan tanıyır. Səncə niyə?

– Mən özüm də bunu etiraf edirəm. Təəssüf ki, yeni nəsil teatra az-az gəlir, gənclər gərək oynadığımız tamaşalara baxsınlar ki, sənət adamlarını da tanısınlar. Serial elədir ki, milyonlarla izləyicisi var. Hətta mən şahidiyəm, bir çox məşhur aktrisaları məhz seriala çəkiləndən sonra tanıyıblar.

– Bəs hansı sənə daha yaxındır – teatr, yoxsa film, serial?

– Mən hər ikisini çox sevirəm. Səhnədə necə tamaşaçı qarşısına çıxıramsa, eyni enerji ilə də seriallara çəkilirəm. Heç vaxt bu iki sənət növünə fərq qoymamışam.

– Bir aktrisa kimi özündə dəyərləndirdiyin xüsusiyyət hansıdır?

– Sənətimə qarşı dəhşətli dərəcədə qısqanc, tələbkar və qəddaram. Yəqin ki, tamaşaçı məni daha yaxşı tanıyır, pisimi-yaxşımı bilir. Amma mən onu deyə bilərəm ki, çox çalışqanam. Çalışıram ki, heç vaxt yaşlı sənətkarlar roluma baxanda deməsinlər ki, buna bax e, heç oynaya bilmir, səhnəyə yaraşmır. Təbii ki, mənim də səhvlərim olur, hərdən çəkildiyim filmlərə kənardan baxanda deyirəm ki, kaş bunu başqa cür oynayaydım.Teatr belədir ki, bir dəfə yanlışlığa yol verdinsə, səhəri gün o səhvi düzəldirsən, amma filmdə bu, mümkün deyil, çəkilirsən, bitir. Sonra səhvlərini düzəltmək sənin əlində olmur.

– Bəs həyatda necə, buraxdığın səhvləri yenidən təkrarlayırsan?

– Səhvlərim olur. Ümumiyyətlə, mən xaraktercə çox qəliz adamam. İnsanı özümə yaxın buraxıramsa, yüz ölçüb, bir biçirəm. Çox xırdalıqlara varıram.

– Onda səni insan sərrafı saymaq olar?

– Yox e, qətiyyən, heç adamtanıyan deyiləm. Baxmayaraq ki, insanı yaxın buraxanda çox götür-qoy edirəm, amma yenə də çox vaxt yanılıram. Hətta ətrafımdakılar mənə deyir ki, sən çox sadəlövhsən və hamıya inanırsan. Mən özümü qınamıram da, çünki hər kəsi öz ürəyimlə ölçürəm. Bu da yanlış dəyərləndirməyə gətirib çıxarır.

– Bəs sevgidə necə, tez-tez yanılırsan?

– Əslində, bunu gələcək göstərəcək.

– Yəni ailə qurandan sonra?

– Hə.

– Günel bir ara nişanlanmağınla bağlı xəbər eşitdim, düzdür?

– Nişanlı deyiləm, amma “hə” verilib.

– Təbrik edirəm, şair demişkən, mənə bir az ondan danış…

– Həddən artıq sənətimi dəyərləndirir. Nə gizlədim məni sevən insanlar çox olub, amma hər birisi mənə yaxınlaşanda şərt kəsib ki, sənətdən uzaqlaşacaqsan. Həmin sözdən sonra mən o oğlanlardan uzaqlaşmışam. Çünki sənətimi dəlicəsinə sevirəm, onsuz yaşaya bilmərəm. Amma bu insan məni dilemma qarşısında qoymadı. Elə buna görə də onu seçməyə qərar verdim.

– Maraqdan öldüm axı, de görək kimdir, nəçidir?

– Şəxsi həyatım barədə danışmaq istəmirəm. Bir onu deyə bilərəm ki, bizneslə məşğul olur, özü də əcnəbi vətəndaşdır, amma Cənubi Azərbaycandandır. Çoxdan tanıdığım insandır, ailə qursaq burda yaşayacağıq. Görək sona qədər yürüyə biləcəyikmi?

– İnşallah, yürüyərsiniz. Günel, Azərbaycanda aktyorlar əcnəbi sənətçilərdən fərqli olaraq, lüks həyat tərzi yaşaya bilmir. Niyə?

– Buna maddi imkanları çatmır. Hansı ki, bizdə də çox güclü rejissorlar və aktyorlar var.

– Yeri gəlmişkən, bir ara Türkiyədən dəvət almağın barədə xəbər eşitmişdim.

– Dəfələrlə mənim xaricdə çalışmaq fürsətim olub, amma ailəm buna icazə verməyib. Amma bu fürsəti dəyərləndirsəydim, indi mən də böyük pullar qazanardım, həm də nailiyyətlərim daha çox olardı.

– Puldan söz düşmüşkən, ən çox nəyə pul xərcləyirsən?

– Birinci növbədə oyuncaqlara. Evdə oyuncaq əlindən tərpənmək olmur. Artıq qoymağa yer tapmıram. Məni tanıyan adamlar çox vaxt mənə oyuncaq hədiyyə edir. Uşaqlıqdan bəri, oyuncaqlar mənim hobbimə çevrilib.

– Nə qədərdir ki?

– Sayı itirmişəm, artıq mini çoxdan keçib. Anam deyir ki, gəlin köçəndə onların hamısını sənə cehiz verəcəm. Daha sonra geyim, parfüm və güllərə pul xərcləməyi sevirəm.

– Xarici görünüşündə tez-tez dəyişiklik etməyi xoşlayırsan?

– Dəyişikliyi həddən artıq çox sevirəm. Eyni görünüş məni tez yorur. Xüsusən də saçlarımın rəngini dəyişməyi xoşlayıram. Boyalar da bilirsiz ki, saçları tökür. Buruq və sarı saçları xoşlayıram. Öz saçım da buruqdur. Qısa saçları heç xoşlamıram.

– Ümumiyyətlə, kiminləsə məsləhətləşməyi xoşlayırsan, başqalarının fikri ilə hesablaşırsan?

– Yox, yalnız anam və bacımın fikri mənim üçün önəmli ola bilər. Başqalarını sadəcə dinləyirəm, amma öz bildiyimi edirəm.

– Elə bir əşya varmı ki, evdən çıxanda mütləq üstündə olmalıdır?

– Talisman kimi balaca “Quran” və üzərində Allah sözü həkk olunmuş medalyonum var. Evdən çıxdığım zaman mütləq mənimlə olmalıdır.

– Yəni əlamətlərə inanırsan?

– Sınamamışam, amma bu talismanlar yanımda olanda daha güvənli və özüməəmin oluram. Həm də bunlar mənə rahatlıq gətirir.

– Elə bir xüsusiyyətin varmı ki, həyatda sənə mane olur?

– Çox sadəlövh olmağım həmişə mənə problem yaradıb. Günahı olan adam yanımda ağlasa, inanacam ki, doğrudan da o adam pakdır. Hansı ki, məni inandırıb. İndiki dövrdə də bu xüsusiyyət heç işə yaramır.

– Bəs gücün nədədir?

– Özümə güvənirəm, məqsədə doğru irəliləyib, ona nail olmağımdır. Həmin vaxt qarşımı heç nə kəsə bilməz. Tərif kimi çıxmasın, bir xasiyyətim də var, yaltaq və ikiüzlü deyiləm. Əgər bir insandan xoşum gəlmirsə, öldür məni onun üzünə yalandan gülmərəm. Hətta ondan işim keçsə də belə.

– Kinli insansan, yoxsa, asanlıqla bağışlayansan?

– Yox, mən bir dəfəlik bitirirəm. Pis xasiyyətimin biri də elə kinli olmağımdır. Kiminləsə dalaşdımsa, onunla birdəfəlik qurtarıram. Adam var, dalaşanda əlyeri qoyur, mən birdəfəlik həmin adamların üstündən xətt çəkirəm. Çünki bilirəm ki, bir səhvi eləyən adam, yenidən onu təkrarlayacaq. Bir güzəşt yeni bir səhvə yol açacaq. Bu da insanın xasiyyətindən irəli gəlir. Adamın xislətində pislik eləmək varsa, o yenə də təkrarlayacaq. Ya gərək onu olduğu kimi qəbul edəsən, ya da birdəfəlik uzaqlaşasan.

– Yəni sənə pislik edən adam sənin üçün yox olur?

– Bu gün dalaşım, sabah barışım-məndə belə xasiyyət yoxdur. Özüm həmin adamı yox edirəm. Öldürüb, basdırıram.

– Dəfn etdiklərin çox olub?

– Mənimlə konfliktdə olan bir neçə adam var ki, “öldürüb”, əlimlə basdırmışam. Onlar haqqında da heç vaxt danışmıram. Söz də düşəndə deyirəm ki, ölünün arxasınca danışmazlar.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az