Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva sosial şəbəkədə və getdiyi məkanlarda insanların sərt tənqidlərinə tuş gəlib.
Yenicag.az-a açıqlama verən aktrisa Xəzər Televiziyasında yayımlanan “Ata ocağı” serialında oynadığı Bənövşə obrazına görə qınandığını deyib:
“Oynadığım obrazın belə səs-küy doğuracağını gözləyirdim, amma bu qədər də yox. Sosial şəbəkədə və getdiyim yerlərdə iradlara tuş gəlirəm. Hər kəs məni məzəmmət edir. Deyirlər, atanın sözünə baxsaydın, Xəyal başına belə oyun açmazdı. Bəziləri deyir ki, o əclafa niyə qoşulub qaçdın, sənə bu da azdır. Bəzilərinin yazığı gəlir, deyirlər, nə qədər döyülürsən, gözünün yaşı qurumur, niyə bu qədər əzaba dözürsən?! Çoxları Xəyaldan ayrılmağımı istəyir. Onlara başa salıram ki, bu canlandırdığım Bənövşənin taleyidir, bu, sadəcə serialdır. Əslində, aktrisa kimi bu, mənim uğurumdur. Demək ki, tamaşaçımı inandıra bilmişəm. Hər halda, Bənövşəni təbii şəkildə canlandırmasaydım, yəqin ki, tamaşaçıların sərt iradlarına da tuş gəlməzdim”.
Qeyd edək ki, aktrisa “Ata ocağı” serialında Bənövşə obrazını canlandırır. Bənövşə Xəyal adlı oğlana qoşulub qaçır. Oğlan ondan istifadə edərək barda işlədir, döyür, söyür, işgəncələrə məruz qoyur.
Cəvahir