Azərbaycanlı bəstəkarın mahnısı oğurlanıb, patentləşdirildi – 50 minlik QALMAQAL – Özəl + VİDEO

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin mahnısı oğurlanıb. Belə ki, onun 1998-ci ildə yazdığı məşhur “Əzizim” mahnısını türk musiqiçisi Xalid Karatuman öz adına çıxıb.

Yenicag.az-a açıqlama verən Tahir Əkbər 1998-ci ildə türk müğənnisi Nazlı tərəfindən oxunan mahnının sonradan “Türk Sənət Muziyi” adlı alboma daxil edildiyini deyib:

“Bu mahnının müəlliflik hüququnu alan Karatuman uzun illər qonorar alıb. Mən bu oğurluq barədə bir neçə ay əvvəl xəbər tutdum. Türkiyədə bununla bağlı araşdırmaya başladım və bəlli oldu ki, həqiqətən də mahnım oğurlanıb. Mahnımı öz adına sənədləşdirən həmin musiqiçi 2012-ci ildə dünyasını dəyişib. Artıq bu fakt təsdiqlənib. Həmin mahnı Qızıl Fondda da saxlanılır, Müəllif hüquqları agentliyində də sənədlər var. Yaxın günlərdə həmin sənədləri də götürüb, Türkiyəyə yola düşürəm. Mənə bildirdilər ki, bu mahnıya görə Xalid Karatuman azı 50 min manatdan artıq qazanc əldə edib. Dedilər ki, həmin pulları onun varisləri mənə qaytaracaq, eyni zamanda ayrıca cəza vasitəsi də nəzərdə tutulacaq”.

Tahir Əkbər mahnının tarixçəsini də danışdı:

“Bu mahnının söz müəllifi Fəxrəndə Məmmədli həvəskar şairə olub, şeirlərini çap etdirməyib. 34 yaşında xərçəngdən dünyasını dəyişən o xanım vəsiyyət edib ki, heç olmasa bir şeirini çap etdirsinlər. O şeir müğənni Zöhrə Abdullayeva tərəfindən mənə təqdim olundu və “Əzizim” mahnısı yarandı”.

Qeyd edək ki, bu məşhur mahnının ilk ifaçısı xalq artisti Nisə Qasımova olub.

 

Cəvahir
Yenicag.az

COP29