“Ənənəvi idman növlərinin dirçəldilməsi”.
Yenicag.az xəbər verir ki, bu günlərdə Türkiyənin Antalya şəhərində Dünya Etnospor Konfederasiyasının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Forumun mövzusu belə olub. Dünyanın 56 müxtəlif ölkəsindən 200 nümayəndənin iştirak etdiyi Forumda ölkəmizi “Çölçü” sosial klubunun rəhbəri, rejissor və yazar Eltən Qədimbəyli təmsil edib.
Antalyanın Turizm Mərkəzi olan Belekdə Calista Luxury Resort Oteldə keçirilən Forumun açılışında Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Erdoğan qeyd edib ki, məqsəd ənənəvi idman növlərinin keçmişini, bu gününü və gələcəyini dəyərləndirməkdir. Bilal Erdoğan çıxışında “ənənəvi idman növləri yerə yıxılan rəqibinə yumruq vurmağı deyil, əlindən tutub qaldırmağı öyrədir” deyib.
Türkiyənin Gənclik və İdman naziri Osman Aşkın Bak, UNESCO-nun Ənənəvi İdman Növləri və Oyunlar Komitəsinin rəhbəri Kalil Ahmed Khan, bir sıra ölkələrin milli idman qurumlarının rəhbərləri də Forumda iştirak edib.
Forumun sessiyalarında qlobollaşan dünyada ənənəvi idman növlərinin vəziyyəti və inkişafı ilə yanaşı, bu sahədə təlim, yerli idarəetmə orqanları ilə iş, klubların yaradılması, mədəniyyətlərarası münasibətlər və bir sıra başqa məsələlər də müzakirə olunub.
Eltən Qədimbəyli Azərbaycanın ənənəvi idman növləri haqqında təqdimat edərək, rəhbərlik etdiyi klubun ənənəvi oxçuluq, kötük güləşi, nizəatma kimi unudulmaqda olan idman növlərinin dirçəldilməsi istiqamətində gördüyü işlərdən danışıb. Eyni zamanda ənənəvi idman növlərinin dünyada təbliği və bu sahədə əməkdaşlıqla bağlı təkliflərini bildirib.
Beynəlxalq Etnospor Konfederasiyasının prezidenti Bilal Erdoğanla təkbətək görüşündə də Eltən Qədimbəyli Azərbaycanda ənənəvi idman növlərinə olan maraqdan, “Çölçü” klubunun ənənəvi idman növləri və Türk dünyasına məxsus folklor nümunələrinin, oyunların, rəqslərin yaşadılması ilə bağlı fəaliyyətindən danışıb. Bilal Erdoğan rəhbərlik etdiyi konfederasiyanın kluba bu istiqamətdə dəstək olmağa hazır olduğunu bildirib.
Forum aparılan müzakirələr nəticəsində hazırlanan son hesabatın ictimaiyyətə təqdim olunması ilə başa çatıb. Hesabatda ənənəvi idman növlərinin nəsillər və mədəniyyətlər arasında körpü rolu oynamasının xüsusilə vurğulanıb.
Qeyd edək ki, əsası 2015-ci ildə qoyulan “Çölçü” sosial klubunun məqsədi yaradıcı adamları bir araya gətirməklə unudulmaqda olan təcrübələri paylaşmaqdır. Azərbaycanda bir sıra maraqlı layihələri ilə tanınan Çölçü” artıq beynəlxalq miqyaslı tədbirlərin ab-havasını da ölkəmizə gətirməkdədir.