Fevralın 9-da Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə müşahidəçi kimi iştirak etmiş Gürcüstan parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev seçkilərin yekunu ilə bağlı keçirdiyi brifinqdə azərbaycan dilində danışmaqdan imtina edib.
Yenicag.az xəbər verir ki, gürcü dilində çıxış edən Savalan Mirzəyevə azərbaycan dilində tərcüməçi tapmayıblar. Bu səbəbdən də Marneulinin azərbaycanlı meri Zaur Darğallı ona tərcüməcilik etmək məcburiyyətində qalıb.
S. Mirzəyevin ana dilində danışmaqdan imtina etməsi birmənalı qarşılanmayıb. Bəziləri deputatın bu hərəkətini Azərbaycana, azərbaycan dilinə, Azərbaycan xalqına hörmətsizlik kimi qiymətləndirib.
Məlumatda qeyd olunur ki, ləğv edilmiş MTN-nin həbsdəki generalı Akif Çovdarovun qohumu Savalan Mirzəyev daima Azərbaycanın dəstəyini alıb. “Bakıda rəsmi və qeyri-rəsmi səviyyədə ona daima dəstək verilib. İndi onun ana dilində danışmaqdan imtina etməsini Azərbaycana qarşı hörmətsizlik kimi qiymətləndiririk”, – deyə gürcüstanlı soydaşlarımız bildiriblər. /reyting.az/