Azərbaycanlı deputatdan Gürcüstan parlamentinə Xocalı çağırışı – VİDEO

Gürcüstan parlamentinin azərbaycanlı üzvü Azər Süleymanov bu gün qanunverici orqanın iclasında Xocalı soyqırımı haqqında çıxış edib.

O, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı-hərbi cinayət barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək, insanlığa silinməz ləkə olan soyqırım aktını törədiblər. Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına, dözülməz işgəncə ilə öldürülüb, 487 nəfərə ağır xəsarətlər yetirilib, 1275 sakin isə girov götürülərək, ağlasığmaz zülmə, təhqirlərə məruz qalıb.

Azər Süleymanov sonra bildirib ki, gürcü və azərbaycan xalqları dost və qardaşdırlar. Xalqlarımız həmişə bir-birini dəstəkləyib:

“Azərbaycan və Gürcüstan dost və qonşu ölkələrdir. Tarix boyu bir-birimizin yanında olmuşuq. Bilirsiniz ki, illər öncə Gürcüstanın müstəqilliyi uğrunda gənc gürcü yunkerlər canlarından keçiblər. Xocalı faciəsi də azərbaycanlılar üçün eyni mahiyyəti daşıyır. Hazırda onlarla ölkənin parlamenti Xocalı soyqırımına lazımi qiymət verib. Bu amillərdən çıxış edərək, təmsil olunduğum Gürcüstan parlamentini də həmin ağrılı hadisələrə lazımi qiymət verməyə çağırıram”.

Yeniçağ.az