Azərbaycanlı deputatdan Minsk qrupuna çox ağır sözlər…

images (1)Elman Nəsirov: “Hadisələrin belə inkişafı fonunda Minsk qrupundan imtina məsələsi daha kəskin və daha konkret şəkildə ortaya çıxa bilər”

Xəbər verildiyi kimi, ATƏT-in Minsk qrupunun hər 3 həmsədri bu günlərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) müzakirəyə çıxarılacaq “Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması” və “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı hesabatları ilə bağlı bəyanat yayaraq, AŞ PA-ya, digər regional və beynəlxalq təşkilatlara xatırladıblar ki, Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır və belədə digər qurumların prosesdə iştirakı yolverilməzdir. Bu isə o anlama gəlir ki, fəaliyyətdə olduğu 23 il ərzində konfliktin həllində hər hansı bir nəticəyə nail ola bilməyən Minsk qrupu bununla bahəm, həll prosesinin öz inhisarından çıxmasında da maraqlı deyil.
Bu fonda Azərbaycanda getdikcə daha çox dərəcədə heç nə əldə edə bilməyən ATƏT-in Minsk qrupundan imtina edilməsinin vacib olduğu məsələsi gündəmə gəlməkdədir.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov da qeyd etdi ki, digər beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı qərarların qəbul edilməsinə qarşı çıxmaqla ATƏT-in Minsk qrupu həll prosesində iştirakda özündən imtina məsələsinin daha kəskin şəkildə gündəmə gəlməsinə rəvac vermiş olacaq: “Bu hərəkətləri ilə Minsk qrupu həmsədrləri bitərəf kimi deyil, əslində ermənipərəst mövqedən çıxış etdiklərini bir daha nümayiş etdirdilər. Təsüdüfi deyil ki, 2014-cü ilin sentyabrında NATO-nun Uels sammitindən geri dönən Ermənistan prezidenti Sarkisyan hakim Respublika Partiyasının rəhbər heyətilə görüşündə ölkəsinin ATƏT və onun Minsk qrupu çərçivəsində əldə etdiyi uğurlardan bəhs edir. Bu hal da bir daha onu göstərir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti işğalçı Ermənistan dövlətində çox məmnunluq hissilə qarşılanır və hətta uğurları kimi təqdim olunur. Ermənistan rəhbərliyi görəndə ki, AŞ PA çərçivəsində İrəvan əleyhinə beynəlxalq hüquqa söykənən, onun işğalçı siyasətini göstərən müəyyən sənədlər qəbul edilir, Minsk qrupu isə həmin sənədlər əleyhinə fəaliyyət göstərir, bu halda İrəvan rəhbərliyi səviyyəsində də Minsk qrupuna mədhiyyələr oxunmağa başlanılır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, münaqişənin həllilə bağlı prosesə beynəlxalq hüquq çərçivəsində yanaşılsın və biz konfliktin dinc həllində maraqlıyıq. Amma imkanlar tükənərsə, danışıqlar limiti başa çatarsa, belə olan halda dövlətin, Ali Baş Komandanın əmrilə münaqişənin həlli prosesi fərqli müstəviyə də keçə bilər. Buna görə isə bütün məsuliyyət ilk növbədə işğalçı Ermənistanın və ATƏT-in Minsk qrupunun, beynəlxalq ictimaiyyətin üzərinə düşəcək. Amma Azərbaycan hələ ki, ATƏT-in Minsk qrupu müstəvisində münaqişənin həlli imkanlarına inanır. Baxmayaraq ki, dəfələrlə Minsk qrupunun fəaliyyətindən narazılığını da ifadə edib. Lakin hesab edirəm ki, Minsk qrupu özü real olaraq heç nə bacarmadığı halda, problemin digər təşkilatlardamüzakirə edilməsinə qarşı çıxması ciddi siqnaldır ki, bu qurum belə yanaşması ilə ilk növbədə özünün imicinə zərbə endirir. Hadisələrin belə inkişafı ümumiyyətlə, Minsk qrupundan imtina məsələsini daha kəskin və daha konkret şəkildə ortaya çıxara bilər. ATƏT-in Minsk qrupu bunu istəməyə-istəməyə, amma öz fəaliyyətilə sanki belə bir vəziyyətin yaxınlaşmasını təmin edir. Doğrudan da proses belə davam edərsə, Minsk qrupu papağını qarşısına qoyub dərindən düşünməzsə, həmi qurumdan imtina məsələsinin yetişəcəyi də heç kimdə şübhə doğurmur. Belədə ATƏT-in Minsk qrupundan imtina məsələsi də gündəmə gələ bilər və belə olan halda bütün məsuliyyət də məhz prosesin tənzimlənməsilə məşğul olan bu qurumun üzərinə düşücək”.

 

ELÇİN