Azərbaycanlı deputatın səlahiyyəti dayandırıldı

roman_nasirov_284146326735_1000x669Ukrayna Ali Radası “Pyotr Poroşenkonun Bloku”ndan olan deputatlar Roman Nəsirov və Mixail Qvozdevanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb. Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, parlamentdə bu qərarın qəbuluna səbəb hər iki şəxsin öz istəyi olub. Belə ki, Mixail Qvozdev iyun ayında “Antonov” dövlət konstruktor müəssisəsinin prezidenti vəzifəsinə təyin olunub.

Roman Nəsirov isə may ayının 5-də Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri təyin edilib.

Roman Nəsirov Ukrayna Ali Radasına prezident Pyotr Poroşenkonun “Pyotr Poroşenkonun Bloku” Partiyasından seçilib, parlamentin gömrük və vergi məsələləri üzrə komitəsinə rəhbərlik edirdi.

Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub. Atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərib. Daha sonra “Konkord Kapital” (Kiyev) investisiya şirkətinin Qiymətli kağızlarla ticarət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib. Parlamentin Gömrük və vergi siyasəti komitəsinin sədridir. Ailəlidir, Mikayıl və Aleksandr adlı iki övladı var(modern).