Reklam: High Technic
hightechnic

“Azərbaycanlı gənclər bizim universiteti seçməklə bir sıra üstünlüklər qazanacaqlar”

“Gələn ildən etibarən Bakı Atatürk Liseyinin 3 məzunu Makedoniya Beynəlxalq Vizyon Universitetində pulsuz təhsil alacaq”

Yenicag.az xəbər verir ki, bunu Makedoniya Beynəlxalq Vizyon Universitetinin rektoru, professor Fadil Hoca deyib.

Xəbər verildiyi kimi, bu yaxınlarda professor Fadil Hocanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirilib, həmçinin Makedoniya Beynəlxalq Vizyon Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında akademik əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən, tərəflər müəllim, tələbə, tədqiqatçı və inzibati heyətin mübadiləsini həyata keçirəcək, o cümlədən ortaq elmi tədqiqatlar aparacaq, birgə elmi seminar və konfranslar təşkil edəcəklər. Qeyd edək ki, bu Makedoniya və Azərbaycan universitetləri arasında həyata keçirilən ilk əməkdaşlıq olacaq.

İstər ümumilikdə səfəri, istərsə də imzalanan müqaviləni müsbət qiymətləndirən professor Fadil Hoca KİV-ə açıqlamasında 2014-cü ildə Makedoniya Respublikasının Nazirlər Kabinetinin qərarı ilə qurulan Beynəlxalq Vizyon Universitetinin Avropada türk dilində təhsil verən yeganə universitet olduğunu, Türkiyənin ali təhsil qurumu olan YÖK tərəfindən tanındığını bildirib: “Bu bizim üçüncü təhsil ilimizdir. Ümumilikdə 650 tələbəmiz var ki, onların arasında da Makedoniya ilə yanaşı Balkanlardan – Kosovo, Bosniya və Herseqovinadan, həmçinin Bolqarıstandan və Türkiyədən olanlar da var. İnşallah yəqin ki, önümüzdəki ildən etibarən Azərbaycandan da tələbələr olacaq. Həm Avropada olub, həm də türkcə təhsil almağın azərbaycanlı gənclər üçün çox önəmli olacağı qənaətindəyik. Onu da deyim ki, azərbaycanlı gənclər bizim universiteti seçməklə bir sıra üstünlüklər qazanacaqlar. Əvvəla, Beynəlxalq Vizyon Universiteti Makedoniyanın özəl universitetləri arasında ən keyfiyyətli təhsil verən universitetlərdən biridir. İkincisi, azərbaycanlı gənclər Makedoniya Beynəlxalq Vizyon Universitetində həm Türkiyə türkcəsində oxuyacaq, həm də Avropa dillərindən birini öyrənə biləcəklər. Üçüncüsü, Makedoniyada təhsil haqları çox ucuzdur”.

Bakıya səfərləri çərçivəsində Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində də olduqlarını deyən rektor “Səfər çərçivəsində Türk Dünyası Araşdırmaları Vəqfinin qurucu başqanı, professor doktor Turan Yazqanın vəfatının 5-ci ilönümü ilə əlaqədar liseydə keçirilən anım mərasimində də iştirak etdik. Əslində Azərbaycana gəlməyimiz məhz iki məsələ ilə bağlı idi – Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalamaq və bu önəmli törənə qatılmaq. Mərhum Turan Yazqan hocamızın Türk dünyasında və Azərbaycanda həyata keçirdiyi işləri hər zaman təqdir etdik. Biz də onun tələbələrindənik. Bakıda, onun yaratdığı Bakı Atatürk Liseyində olmaq xüsusi bir özəllikdir. Onu da bildirim ki, liseyin müdiri ilə müzakirə zamanı bir anlaşma əldə etdik. Həmin anlaşmaya əsasən gələn ildən etibarən Bakı Atatürk Liseyinin 3 məzunu Makedoniya Beynəlxalq Vizyon Universitetində pulsuz təhsil alacaq”.

Sonda ölkəmizdə gedən quruculuq işlərini, respublikamızın inkişafını, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi uğurları böyük sevinc hissi ilə qarşıladıqlarını bildirən professor Fadil Hoca “Azərbaycan bizim hər zaman “Can Azərbaycan” dediyimiz ölkədir. Bizim öz məmləkətimizdir. Bu, mənim Azərbaycana ilk səfərimdir və burda gördüklərimdən çox məmnun oldum. Bakı öz inkişafına görə Avropanın aparıcı ölkələrinin paytaxtlarından fərqlənmir. Allah sizi şərdən qorusun, Azərbaycan dövlətimiz getdikcə daha da güclü, qüdrətli olsun” deyib.

www.yenicag.az

1016