Azərbaycanlı jurnalist Türkiyədə vəfat etdi

Azərbaycanlı jurnalist Nurlan Ağa (Salamov) Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Yenicag.az-ın məlumatına görə, Nurlan Ağa koronavirusdan vəfat edib.

Qeyd edək ki, Nurlan Ağa – Nurlan Xanağa oğlu Salamov 1996-cı ilin fevralında Bakı şəhərində dünyaya gəlib.

2013-cü ildə Əliağa Vahid adına Masazır 1 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib və həmin il yüksək balla Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 2017-ci ildə bakalavriaturanı yüksək göstəricilərlə Fəxri məzun olaraq başa vurub. 2019-cu ildə isə Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının Beynəlxalq jurnalistika ixtisaslaşması üzrə magistraturadan ən yüksək ÜOMG ilə fərqlənmə diplomu alaraq məzun olub.
Həmin ildə Türkiyə Dövlət Təqaüd Proqramı – Türkiye Burslarını qazanıb. Hazırda Erzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutu Kommunikasiya fakültəsi Jurnalistika kafedrasının doktorantıdır.
Bir sıra müsabiqələrin qaliblərindəndir, müxtəlif illər üzrə “İlin Ən Yaxşı Tələbəsi”, “İlin Ən Savadlı Tələbəsi” fəxri adlarına layiq görülüb. “Jurnalist” tələbə-tədris qəzetinin redaktoru, “Tələbədən Tələbəyə”, “Beynəlxalq Jurnalistika Məktəbi” kimi layihələrin heyət üzvü olub.
AzNews.az informasiya portalında beynəlxalq xəbərlər müxbiri, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda “Füyuzat” və “İşıq” jurnallarının sosial media meneceri olaraq çalışıb. “Kaspi”, “Şərq”, “Ədalət”, “Jurnalist” qəzetləri, “Füyuzat”, “İşıq”, “Ulduz” jurnalları və bir sıra internet KİV orqanlarında yazılarla çıxış edir.
Elmi tezis və məqalələri Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyasında respublika və beynəlxalq səviyyəli elmi-praktik konfransların materialı olaraq dərc olunub.