Azərbaycanlı jurnalistdən Ərdoğana çağırış: “İğdırı “Metsamor terroru”ndan qurtarın”

“Hər gün sağlamlığını itirən iğdırlılar, Türkiyə vətəndaşları artıq cana doyub”.

Yenicag.az xəbər verir ki, jurnalist Günay Arda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana açıq məktub yazaraq, qardaş ölkənin başçısını Ermənistandan regiona ekoloji terror saçan “Metsamor” Atom-Elektrik Stansiyasının (AES) bağlanması üşün təcili hərəkətə keçməyə çağırıb.

Günay Ardanın Türkiyə prezidentinə ünvanladığı açıq məktubu dərc edirik:
“Türkiyənin hər yeri, hər qarışı mənə doğmadır, ikinci vətəndir. Türkiyə, bütün azərbaycanlılar kimi mənim üçün də candan ayrı candır. Türkiyənin İğdır adlı bir şəhəri var ki, Azərbaycanla Türkiyənin bir olduğu, eyniləşdiyi əsas torpaqdır. İğdır Səfəvidən ən son qopan ərazidir. Bildiyiniz kimi İğdırda əhalinin böyük əksəriyyəti azərbaycanlılardan ibarətdir. Buradakı azərbaycanlıların bir hissəsi İrəvandan sürgün edilənlər, digər yarısı isə yeddi nəsli bu torpaqda doğulub-böyüyənlərdir. İğdır həm də İrəvana ən yaxın yerdir. Bizim torpağımızı görmək üçün pəncərəmizdir. Zaman olub ki, “İğdır” deyiləndə hamının ağlına alma bağları, yaşıllıq ərazilər gəlib. Bura səbəbsiz “Yaşıl İğdır” deməyiblər. İndi isə nə o yaşıllıq, nə firavanlıq var. İğdırın əsas sərvəti insanlarıdır. Onlar da ki…

Cənab Türkiyə Prezidenti,
2016-cı ilin may ayında işlədiyim Azvision.az xəbər portalı tərəfindən İğdıra reportaja göndərildim. İğdırın Qazancı, Mələkli ,Almagöl, Sarıçoban, Nəcəfalı, Qacarlar, Qasımcan, Qazancı, Alibeyköy və sairə kəndlərini qarış-qarış gəzdim. İğdırda olduğum müddətdə canlı terror hadisəsinin şahidi oldum. İğdırda insanlar həm mənəvi, həm də fiziki terrorun qurbanıdır. Bu proses illərdir davam edir. Bu terroru iğdırlılar hər gün yaşayır. İğdırın Ermənistanla sərhəd qapısı olan “Alican”la 500 metrlik məsafədə “Metsamor” adlı zəhər beşiyi fəaliyyət göstərir. Bu, İğdırın şəhər mərkəzindən cəmi 30 km-lik məsafə deməkdir. İllərdir, bütün dünya Metsamor Atom Elektrik Stansiyasının zərərini, törətdiyi faciələri Ermənistan hökumətinə başa sala bilmir. “Metsamor” dünyada yeganə atom elektrik stansiyasıdır ki, ora təhlükəli maddələr hava yolu ilə daşınır. “Metsamor”a təhlükəli maddələri daşıyan bircə vertolyotun partlamağı bəs edir ki, Naxçıvan Muxtar Respublikası, İğdır, Qars, Ərzurum xəritədən silinsin. Əgər belə bir hadisə baş verərsə, o partlayışın fəsadını Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Rusiya, eyni zamanda Ermənistan vətəndaşları yüz illərlə yaşayacaq.

Azərbaycan xalqının əsrlərdir yaşadığı faciələr Sizə sirr deyil. Biz, terrora, genosidə məruz qalmışıq. Torpağımızdan didərgin düşmüşük, şəhidlər vermişik, körpə uşaqlar, yaşlı valideynlər itirmişik. Bizim üçün Ermənistanın törətdiyi terror, işgəncə yeni hadisə deyil. İğdıra səfərimə qədər düşünürdüm ki, bu dövlətin türklərə qarşı göstərdiyi heç bir amansızlıq məni daha təəccübləndirə bilməz. Həm də düşünürdüm ki, müasir dünyada artıq heç bir terror hadisəsi gizli qalmaz. Ermənistan məni yenə də təəccübləndirə bildi. Demək ki, bu dövlətin işgəncə metodları manyakal həddə çatıb. XXI əsrdə, Türkiyə kimi İslam dünyasının ən inkişaf etmiş dövlətinin bir parçası olan İğdıra Ermənistan açıq, həm də gizli terror həyata keçirir. İğdıra səfərimə qədər mən düşünürdüm ki, Xocalıdan sonra bir də şikəst qadın, uşaq görməyəcəyəm. Demək ki, boşuna ümid etmişəm. İğdırda beş qadından dördü qadın xəstəliklərindən əziyyət çəkir. Döş xərçəngi, ölü doğulan uşaqlar İğdırda adi hadisəyə çevrilib. İğdırda altıbarmaqlı, kor doğulan körpələr dünyanın gələcəyinə qarşı savaş deyilsə, nədir?

“Metsamor” Atom Elektrik Stansiyasının təsiri təkcə insanlara yox, təbiətə qarşı da cinayətdir. İkibaşlı, doğulduqdan qısa müddət sonra ölən heyvanları dünyadakı heyvan hüquq müdafiəçiləri niyə görmür?

“Metsamor” Atom Elektrik Stansiyası Araz çayının suyu ilə soyudulur. Həmin su isə qrunt suları vasitəsilə təkrar geri qayıdır. O sudan həm içməli su kimi, həm də suvarmada istifadə edilir. “Metsamor” Atom Elektrik Stansiyası 1979-cu ildən fəaliyyətdədir. Bu müddətdə bircə dəfə də olsun, əsaslı təmir görməyib. Dəfələrlə Ermənistan hökuməti dünya dövlətləri qarşısında “Metsamor”un bağlanacağını söz versə də, digər vədləri kimi əməl etməyib. Bura dünyada ən etibarsız elektrik stansiyası sayılır. Hətta tikildiyi vaxt belə SSRİ alimləri Ağrı dağı kimi tektonik əraziyə yaxın yerləşdiyi üçün buna qarşı çıxmışdılar.

Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, “Yaşıl Birlik” kimi mühüm qurumlar “Metsamor”u ən təhlükəli AES kimi qiymətləndirib. Nəticədə isə heç nə dəyişməyib. Ermənistan hər zamankı kimi insan məhfumunun aliliyinə, ekoloji təhlükəsizlik məsələlərinə anlaqsız yanaşır.

Cənab Türkiyə Prezidenti,
Ermənistan Türkiyə üçün Çernobıl hazırlayır. Hər gün sağlamlığını itirən iğdırlılar, Türkiyə vətəndaşları artıq cana doyub. Böyük təəssüflə qeyd etmək istəyirəm ki, Türkiyə mediası bu mövzunu lazımi qədər diqqətdə saxlamır. Hətta mənim reportajımdan sonra bir neçə türkiyəli həmkarım mənə bildirdi ki, İğdırdakı “Metsamor” terrorunun bu qədər ciddiliyini indi öyrənir.

İğdır əhalisinin üzünün kədəri əksik olmur. Çünki hər ailədə xəstə, şikəst var. Hər ailədə mütləq bir fərd qan azlığı, xroniki baş ağrısı, qan zəhərlənməsi, bronxial astma kimi xəstəlikdən əziyyət çəkir. İğdırdan hər il onlarla insan başqa şəhərlərə baş götürüb gedir. İğdırın hər divarında müharibə, qan izi var. İğdırda hər yaşlı fərd nənə və babalarının, qohumlarının necə zülmlər gördüyünü danışa bilər. İğdırda diri-diri basdırılan türk məzarlığı dünya tarixi üçün ləkədir. Bütün bunlara baxmayaraq, iğdırlılar heç vaxt öz torpaqlarını tərk etməyib. “Metsamor” terroru qılınc gücünə bu torpaqları tərk etməyən adamları buradan sürgün edir.

Cənab Türkiyə Prezidenti,
İğdırlıların “Metsamor” un bağlanmağı üçün atacağınız addımlara ehtiyacı var. Ermənistanın ucuz enerji əldə etmək üçün türk qanını xərcləməyi insanlığa sığmır. Türkiyə Cumhuriyyəti hazırda vətəndaşının dırnağına dəyən daşın belə qabağını almaq iqtidarındadır. Buna bütün qəlbimlə inanıram.

1915-1920-ci illərdə qanına qəltan edilən, başı kəsilən, diri-diri basdırılan türklərin xatirəsini əbədiləşdirmək üçün İğdırda Anma Muzeyi var.

Mən, ümid edirəm ki, 10 il sonra “Metsamor”qurbanları üçün belə bir abidənin qoyulmağına ehtiyac olmayacaq.

Günay Arda”

COP29