Azərbaycanlı jurnalistlərin təşəbbüsü ilə beynəlxalq platforma yaradılır

Bir qrup azərbaycanlı jurnalistin təşəbbüsü ilə Beynəlxalq Media Əməkdaşlıq Platforması yaradılır.

Bu barədə platformanın təşəbbüskarlarından biri, Editor.az İnformasiya portalının baş redaktoru Fərid Şahbazlı məlumat verib.

F.Şahbazlı qeyd edib ki, yaxın günlərdə ictimaiyyətə təqdim edilməsi gözlənilən platformada ilkin mərhələdə 10 ölkədən tanınmış jurnalistlərin, baş redaktorların, hərbi və siyasi ekspertləri yer alacaq:

“44 günlük Vətən Müharibəsi və ondan sonra cərəyan edən proseslər sübut edir ki, informasiya müstəvisində mübarizəmiz hələ uzun müddət və daha da mürəkkəb formada davam edəcək. Bu baxımdan düşünürəm beynəlxalq tərəfdaşlarımızı da prosesə cəlb etməklə qarşılıqlı əməkdaşlıq şəraitində Azərbaycanın haqq səsini dünyaya duyurmağa davam edəcəyik”.

Baş redaktor qeyd edib ki, platformada xarici media nümayəndələri ilə yanaşı, Azərbaycandan fəal və xarici KİV-lərlə əməkdaşlıq təcrübəsi olan jurnalistlər təmsil olunacaq: “İnanırıq ki, bu təşəbbüsümüz müsbət qarşılanacaq. Platformanın fəaliyyəti boyunca ölkəmizin müvafiq dövlət qurumları, jurnalist təşkilatları və media təmsilçiləri ilə yaxından əməkdaşlıq edəcəyik. Bu xüsusda dövlətimizin güvənirik”.