İspaniyanın İbiza kurortunda dincələn Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 22 yaşlı oğlu Sübhan 1 milyon dəyəri olan saatını oğurlatdırıb.
Yenicag.az xəbər verir ki, bu məlumatı araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün “Facebook” səhifəsində yayımlayıb.
Həsənlinin yazdığına görə, 22 yaşlı Sübhan hələ 19 yaşı olarkən, Britaniyanın milyonçuları siyahısına düşməyi “bacarıb”:
“Günün sensasiyası İspaniyanın məşhur İbiza kurortunda Azərbaycan vətəndaşının 1 milyon funt sterlinqlik saatının oğurlanması barədə ingilis mətbuatının yaydığı xəbər oldu.
Təkcə ingilis mətbuatı deyil, qərbdən şərqə bütün dünyanın mətbuatı yazır.
Bütün dünyanın ağzı açıq qalıb ki, 22 yaşlı azərbaycanlı belə bir saatın sahibi olub və üstəlik onu oğurlatdırıb. Hansı ki, dünyanın məşhur milyonerləri, böyük şirkət sahibləri belə qələti eləmirlər.
22 yaşlı azərbaycanlı kimdir? Siz onu bəlkə də tanımırsınız, amma atasını gözəl tanıyırsınız. Dünyada 75 nüsxə ilə buraxılan “Richard Mille 50-03 McLaren F1” saatları ancaq bizim məmurların övladları kimi kütbeyinlərə 1 milyon funta satırlar. Hələ də maraq edirsiniz kimdir?
Gözünüz ayağınızın altına baxsın. Nə görəcəksiniz? Asfaltı dağılmış, çökmüş yollar… Bizim yollarımızdır, milyonlar nədir, milyardların yeyildiyi yollar. Əlinizi cibinizə salın, o da dağıdılmış büdcəmiz kimi boş…
22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb. Onun haqqında yazmışdım, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlini deyirəm. Londondakı “King’s College”də təhsil alıb, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmilyonlu şirkətlər açıb. Londonda “Camellia House”da 5 milyonluq mənzil sahibidir.
İndi bir saatı itirib, noolsun? Elə bilin, Xətaidə yol çöküb… Kimsə Saleh Məmmədova deyəsi deyil ki, gözün üstdə çatma qaşların var”.