Azərbaycanlı vəzifəli şəxslərdən biri Türkiyədə internet saytı satın alıb.
Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, söhbət “Denizhaber.com.tr” domeni altında fəaliyyət göstərən “Deniz Haber Ajansı”ndan gedir.
Maraqlıdır ki, həmin vəzifəli məmur sözügedən saytı satın almaq üçün 5 milyon lirə ödəyib.
O, fantastik məbləği ödəməklə ajansın hissələrinin 50 faizinə sahib çıxıb.
Məsələ burasındadır ki, bu məqam qardaş ölkənin media kulislərində ciddi müzakirəyə çevrilib. İş burasındadır ki, “Denizhaber.com.tr” spesifik, sırf dənizçiliklə bağlı xəbər saytı olduğundan məhdud izləyici çevrəsi var. Yəni, həmin məbləğə bu saytdan daha effektiv media qurumu qurmaq və ya satın almaq olardı. Amma nədənsə bu media qurumuna üstünlük verilib.
Ancaq “dananın quyruğu” sayt satın alındıqdan sonra özünü göstərməkdə gecikməyib.
Belə ki, sözügedən agentlik satın alındıqdan sonra, media qurumunda “Palmali Şirkətlər Qrupu”nun əleyhinə xəbərlər yazılmağa başlayıb. Heç bir fakta söykənməyən və məhkəmə qərarı ilə qaldırılan xəbərlər Azərbaycanda bəzi saytların tirajlanması üçün nəzərdə tutulub.
Qeyd edək ki, sayt azərbaycanlı məmura satılana qədər “Palmali”yə mükafat verib, şirkət əleyhinə yazıları sərt sözlərlə yalanlayırdı. Hətta bir neçə ay öncə Mübariz Mənsimov bu saytın keçirdiyi ödül törənində ilin tanker dənizçisi seçilib və mükafatı şəxsən alıb. Saytın arxivində kiçik araşdırma apardıqda, sahibi Rəcəb Canpolatın mövqeyini 180 dərəcə dəyişməsi insanı heyrətə salır. Bir il öncəyə qədər Mübariz Mənsimov əleyhinə yazanları “etibar suiqəsdçiləri” adlandıran sayt indi onların yolunu davam etdirir.
Xatırladaq ki, son günlər “Palmali” əleyhinə media müharibəsi başlayıb. İddialara görə, Türkiyədəki saytın 5 milyon lirəyə satın alınması da bu müharibənin bir parçasıdır. Hər halda görünən dağın bələdçiyə ehtiyacı yoxdur.