Azərbaycanlı məşhur idmançı qəzada öldü

Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzası törədib.

Yenicag.az xəbər verir ki, idmançı “Koroğlu” metrostansiyasının yaxınlığında idarə etdiyi özünə aid “Niva” avtomobili ilə hərəkətdə olarkən idarə etməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb, yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşub.

F.Poladov hadisə zamanı xəsarət aldığı sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və əməliyyat edilib.

Lakin bu gun səhər saatlarlnda idmançı həyatını itirib.

Qeyd edək ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.