Azərbaycanlı məşhur QƏZƏBLƏNDİ: “Bu “bezpredel”ə kim “krışa”lıq edir?”

Tanınmış səyyah Azər Qərib paytaxt yollarındakı özbaşınalıqdan qeyzlənib.

Yenicag.az xəbər verir ki, Azər Qərib bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, taksi fəaliyyətilə məşğul olan əksər sürücülərin naşı olduğunu və insanların həyatını təhlükəyə atdıqlarını bildirib:

“Əməkdaşımızın şəxsi avtomobilini “Prius” taksi vurdu, sürücünün sürücülük vəsiqəsi yox, icbari sığortası yox.

Bu günlərdə isə şirkətimizin xidməti avtomobilini yenə də “Prius” taksi vurdu və yenə də sürücünün nə sürücülük vəsiqəsi var idi, nə icbari sığortası.

Mənim sığortamın vaxtı çatanda SMS əlindən tərpənmək olmur, bir dəfə sığortasız sürdüm, “paçka” ilə cərimə gəldi, kamera dərhal çəkir.

Bəs necə olur ki, bunları çəkmir kameralar? O kameraları kim söndürür bunlar üçün?

Bunlar yollarda nəyə görə özlərini bu qədər arxayın hiss edirlər?

Dünən Azadlıq prospektində yolu keçirdik nəvəmlə, az qala uçurtmuşdu bizi qırmızıda keçən “Yango”dur, nədir, o.

Bu “bezpredel”ə kim ‘krışa”lıq edir, kim göz yumuzdurur, kim bunlara qayda pozmaq üçün mandat verib?

Maraqlı, lakin cavabsız suallardır…”