!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı məşhurdan ŞOK: “Əxlaqsız qadına görə..."

!Reklam – Yazi

Xalq artisti Mənsum İbrahimovun yetirmələrindəndir. Səsi-sorağı Azərbaycandan çox xarici ölkələrin konsert salonlarından gəlir. Gənc olmasına baxmayaraq, həm də pedaqoq kimi fəaliyyət göstərir: Milli Konservatoriyada, Şuşa Humanitar Kollecində, Müslüm Maqomayev adına musiqi məktəbində dərs deyir. Eyni zamanda Opera Teatrının solistidir.

Azərbaycanda keçirilən muğam müsabiqəsinin qalibi, Akademik Opera və Balet Teatrının solisti xanəndə Aytən Məhərrəmovanın Yeniçağ.az – saytına müsahibəsini təqdim edirik.

– Aytən xanəndə olmağın həyatında nəyi dəyişdi?

– Muğam aləminə gəlişim demək olar ki, taleyimi dəyişdi. Bütün dünyanı gəzib, Azərbaycan musiqisini təbliğ və təmsil edirəm. Bu baxımdan çox şanslıyam.

– Yerli tamaşaçı ilə əcnəbi tamaşaçı arasında fərqi nədə görürsən?

– Yerli tamaşaçılar muğamı həsrət, yanğı ilə dinləyir, amma əcnəbilər əksinə, muğama maraqla, sevinclə qulaq asırlar. Xırdalıqlar, zəngulələr onları çox təəccübləndirir. Bir dəfə Hindistanda konsert verirdik. Orada bir muğam ifa elədim və uzun zəngulələrim oldu. Konsertdən sonra bir əcnəbi tərcüməçi ilə mənə yaxınlaşıb, az qala yalvardı ki, həmin zənguləni ona da öyrədim. Qaldığımız otelə gəldi, dəfələrlə məşq edib, zənguləni öyrəndi. Çox olub ey, belə maraqlı hadisələr.

– Heç konsert zamanı ekstrim hallarla qarşılaşmısan?

– Çox olub. Bir dəfə San-Fransisko şəhərində beynəlxalq festival çərçivəsində konsert verirdik. Zal tamaşaçı ilə dolu idi, tədbur də başlayıb. Mən də səhnəarxasında məşq edirəm. Bizə də qulaqcıq mikrofonlardan verilib. Təsəvvür edin, orda guya özüm üçün məşq edirəm, sən demə, səs bütün salonda eşidilir. Həmin vaxtda da səhnədə bir əcnəbi musiqiçi oxuyur. Hər kəs şoka düşür ki, bu səs hardan gəlir görəsən? Təsadüfə baxın ki, həmin əcnəbinin oxuduğu ladda mən də muğam ifa edirəm. Təşkilatçı tez səhnəarxasına gəldi, amma mənə heç nə demədi. Sonradan öyrəndim ki, mənim ifamla, əcnəbinin çıxışı maraqlı bir sintez yaradıb.

– O əcnəbi haralıydı ki?

– Yapon musiqiçisi idi. O, ariya oxuyurdu, mən də “Bayatı-Şiraz”. Bütün zal ekspromt yaranan bu sintezi alqışladı.

– Aytən, hər xanəndənin səsini qorumaq üçün öz sirləri olur. Məsələn, bəziləri çiy yumurta içir. Sənin də sirlərin var yəqin ki…

– Xüsusi sirrim yoxdur, amma acı qidalardan uzağam, heç vaxt soyuq içkilərdən istifadə etmirəm.

– Fikir vermişəm. Həmişə qapalı geyinirsən. Hərdən mənə elə gəlir ki, sənin qarderobunda dekolte, yaxud mini ətəklər yoxdur…

– İnanın ki, yoxdur. Nəinki dekolte, mən yayın cırhacırında belə, qısaqol geyinmirəm. Bütün paltarlarımın qolu dirsəyəcən bağlı olur. Uşaqlıqdan şalvarla qısa kofta geyinməmişəm. Mütləq üstdən nəsə uzun bir köynək olmalıdır.

– Valideynlərin mühafizəkar olub yəqin?

– Yox, hətta anam hərdən əsəbiləşir ki, ay qız, heç olmasa, istidə qısaqol geyin. Geyimimə qarşı çox mühafizəkaram.

– Bəlkə dolubədənli olmağına görə geyimlərini belə seçirsən?

– Yox, əslində, kilolu olduğuma görə kompleksim yoxdur.

– Amma baxıram, xeyli arıqlamısan…

– Hə, 16 kilo…

– Pəhrizlə, yoxsa?

– Həm pəhriz saxlayıram, həm də idman edirəm. Hədəfim 65 kiloya enməkdir.

– Çətin olar yəqin, qida rasionunda nələrdən imtina eləmisən?

– Çox şeydən, yağlı yeməklər yemirəm. Şirniyyat görəndə ürəyim gedir, amma çox sevdiyim şirniyyatdan imtina eləmişəm. Yeməymi də özümlə gətirmişəm.

– Maraqlıdır, bu günün qida rasionuna nələr daxildir?

– Səhər saat 7-yə işləmiş alma yemişəm, iki fincan su içmişəm, sonra fasilələrlə qreypfrut, balaca acı şokalad yemişəm. Günorta yağsız balıq yeyəcəm, axşam kahı-xiyar salatı, sonra yenə fasilələrlə alma püresi, alma, alma şirəsi gəlir. Yatanda da kefir içəcəm.

– Bəs çörək?

– Çörəkdən həftədə bir dəfə istifadə edirəm.

– Xaraktercə iradəlisən?

– Həddən artıq. Məqsəd qoydumsa, mütləq ona çatmalıyam.

– Kimsə sənə pislik edirsə, qarşına məqsəd qoyursanmı ki, mütləq həmin adamı məhv etməliyəm…

– Əksinə, mənə pislik edən adama qarşı mülayim davranıram, ona yaxşılıq edirəm. O adam özü hərəkətindən utanır. Fərqinə varır ki, nahaq ona bu pisliyi elədim.

– Həmişə səni eyni saç rəngində görürəm. Dəyişməyi sevmirsən deyəsən?

– Heç xoşlamıram. Hətta ustam bu yaxınlarda saçımın rəngini bir qədər sarı çalara boyadı, hamı dedi ki, ay qız, sənə bu rəng yaraşmır. Həqiqətən də mənə qara saç yaraşır. Elə öz saçım da anadangəlmə qapqaradır. Hərdən saçımda ağ tellər görünür, onu da özümə dərd eləmirəm. Adam var e, tez boyayır ki, ağ saçlar görünməsin.

– Tez ruhdan düşürsən?

– Düşən kimi dirçəlirəm, özümü danlayıram ki, niyə ruhdan düşməlisən axı? Özüm özümü ruhdan düşməyə qoymuram.

– Subay qızsan, hələ eşq odunda yanmamısan ki?

– Hələ dərindən sevməmişəm. Bəlkə də bu, inamsızlıqdan irəli gəlir.

– Sevgiyə inanmırsan?

– Sevgiyə inanıram ey, insanlara inanmıram. Buna görə də sevənləri ürəyimə yaxın buraxmıram.

– Bəlkə o ağatlı oğlanı bir təsvir edəsən.

– İstəklərim o qədər çox deyil. Əsas odur ki, sənətimi qəbul eləsin, zəhmətkeş olsun.

– Yəni yaxşı pul qazansın, eləmi?

– Demirəm ki, milyonçu olsun, zəhmətkeş oldusa, yəqin ki, pul da qazanacaq. Öz ayaqları üstdə dayanan oğlan olsun, özüm kimi.

– Hansı xüsusiyyət mütləq onda olmamalıdır?

– Haqsızlıq və qısqanclıq. Qısqanc oğlanlardan zəhləm gedir, oğlan sevdiyinə etibar etməlidir.

– Qısqanc olmayanda da deyirsiniz ki, laqeyddir, bəs yazıq oğlanlar neyləsin e?

– Bəlkə mən dərindən sevməmişəm ona görə. Kim bilir dərindən sevsəm bəlkə elə dəlicəsinə qısqanacam onu.

– Bəs xarici görünüşü sənin üçün önəmlidir?

– Elə bir adam ola bilər ki, meymuna oxşayar, amma mən onda elə gözəl xüsusiyyət tapıb sevərəm ki… Elə də yaraşıqlı oğlan ola bilər ki, ağzını açanda ondan qaçmaq istəyərəm.

– Bəs nəyi bağışlamazsan sevdiyinə?

– Yalanı.

– Bəs xəyanəti? Axı qadınlar xəyanəti heç vaxt bağışlamır…

– Mən xəyanəti bağışlayaram. Onsuz da xəyanət etmək kişilərin qanındadır. Bilsəm ki, həyat yoldaşım mənə xəyanət edir, ailəm dağılmasın deyə göz yumaram. Amma həddində.

– Həddində deyəndə ki, nəyi nəzərdə tutursan?

– Gözəl bir qız görəndə elə mən özüm də ona baxıram. Gözəlliyə hamı baxır.

– Özün bilirsən mən nəyi nəzərdə tuturam, xəyanətdən danışıram…

– Bir dəfə eləsə, yaxud da bilərəkdən eləməsə, bağışlamaq olar. Dərəcəsinə baxır da. Hansısa yolunu azmış qadına görə ailəmi dağıtmaram. Kişi üçün ailəni dağıtmağa nə var ki… Amma qadın dözümlü olur.

– Xəyanətə xəyanətlə cavab verən qadınlar da var…

– Yox, mən o qadınların tərəfini tutmuram.

– Konsert barədə düşünmürsən hələ?

– Bakıda konsert vermək üçün gərək təşkilatçı olmalıdır, maliyyəni üzərinə götürməlidir. Mənim də heç nəyin fikrini çəkmədən, gedib səhnədə oxuyaram. Ya da nə vaxtsa imkanım çatar özüm konsert edərəm. İndi xarici ölkələrdə konsertlərim olur, eyni zamanda da efirlərə dəvət alıram.

– Həm də Opera Teatrının solistisən… Heç ürəyindən Leyli olmaq keçib?

– Mən Opera səhnəsində “Şah ismayıl”da Ərəbzəngi kimi çıxış etmişəm. “Leyli və Məcnun”da isə Leylinin anasını oynamışam. Fakturanın rolu böyükdür, yəqin ki, gələcəkdə qismət olar, Leylini də oynayaram.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

2007
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv