Azərbaycanlı modelyer Norveçdə “Mən Qarabağ ulduzuyam” adlı yeni kolleksiyasını təqdim etdi – FOTO

Norveçdə yaşayan əslən Azərbaycanlı modelyer Şervin Nəcəfpur üzərində “Mən Qarabağ ulduzuyam” (I`m a st*r of Karabakh) yazılı öz yeni kolleksiyasını Norveç paytaxtı Osloda keçirilən moda nümayişində təqdim edib.

Yenicag.az xəbər verir ki, VOC – Voyage of Creations xeyriyyə məqsədli moda nümayişi çərçivəsində təqdim olunan Şervin Nəcəfpurun yeni kolleksiyası, işğal altında olan Dağlıq Qarabağ haqqında yerli ictimaiyyəti məlumatlandırmaqla yanaşı, Azərbaycanı Norveçdə daha yaxşı tanıtmaq məqsədi daşıyıb. Şervin Nəcəfpurun bu dəfə təqdim etdiyi kolleksiyada 8 oğlan model xüsusi dizayn olunmuş, üzərində Azərbaycan, Xocalı, Qarabağ, Pakistan, İslamabad və Kaşmir yazılı köynəkləri nümayiş etdiriblər.

Arasında yerli siyasətçilər, Oslo şəhər meri, Türkiyə və Pakistan səfirləri, məşhur aktyorlar və KİV nümayəndələrin də olduğu 500 nəfərdən çox qonağın qatıldığı moda tədbirində, nümayiş olunan bu geyimlər böyük marağa səbəb olub. Mədəni müxtəlifliyi təbliğ edən VOC – Voyage of Creations moda nümayişinə BƏƏ, Pakistan və Avropanın digər ölkələrindən gələn müxtəlif modelyerlər öz işlərini təqdim ediblər.

Qeyd edək ki, VOC-Voyage of Creations moda nümayişi haqqında material, Norveçin dövlət telekanalı NRK-da nümayiş olunub. NRK şirkətinə müsahibə verən Şervin Nəcəfpur deyib: “Bu tədbirdə iştirak adi moda nümayişi ilə yekunlaşmır, burada biz moda vasitəsilə Dağlıq Qarabağ və Kəşmirdə baş verənlər haqqında ictimaiyyəti məlumatlandırırıq”./AZƏRTAC/

 

COP29