Azərbaycanlı qanuni oğruya cinayət işi açıldı

Rusiya İstintaq Komitəsi azərbaycanlı qanuni oğru Hacı Beyləqanskiyə (Hacıbaba Talıbxanlı) Cinayət Məcəlləsinin 210.1-ci (“Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma”) maddəsi ilə cinayət işi açıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Beyləqanskiyə qarşı ittiham Voronej vilayətindəki koloniyadan Moskvaya köçürüldükdən sonra irəli sürüləcək.

Qeyd olunub ki, Beyləqanski 10 il əvvəl Moskvanın Presnenski val küçəsində törətdiyi qətl hadisəsindən sonra “qanuni oğru” titulunu alıb.

Qeyd edək ki, 2012-ci ilin aprelin 12-də Hacı Beyləqanski azərbaycanlı avtoritet İlqar Cəbrayılovun olduğu “Toyota Land Cruiser” avtomobilini atəşə tutmuşdu. Hadisə nəticəsində Cəbrayılov aldığı yaralardan yerindəcə ölmüşdü. Hacı Beyləqanski isə 19 li müddətinə azadlıqdan məhrum edilmişdi.