Maestro Ceyhuna 50 minlik hədiyyə

Çoxdandır şou-biznes aləmində görünməyən maestro Ceyhunla tədbirlərin birində rastlaşdıq. Görəsən skripkaçı hardadır, nə işlə məşğuldur?

Yenicag.az-a açıqlama verən Ceyhun sən demə, Azərbaycandan çox Rusiyada fəaliyyət göstərirmiş:

“Bir çox insanlar elə bilirlər ki, şou-biznes aləmindən incimişəm, buna görə görünmürəm. Heç kəsdən inciməmişəm, sadəcə olaraq, daha çox Rusiyada oluram. Rusiya, Avropa ölkələrində konsert proqramları ilə çıxış edirəm. Bakıda da öz yaradıcılıq işlərimi davam etdirirəm.

Telekanallara az-az çıxıram. Bunun da səbəbi var. Ciddi verilişlərdə qonaq olmaq istəyirəm”.

Ceyhun bu günlərdə ona bağışlanan bahalı hədiyyəsindən də danışıb:

“Almaniyada olanda dostlarım məni məşhur skripka ustası Ceykobs Müllerin emalatxanasına apardılar. Orda çox nəfis tərtibatda hazırlanmış skripka vardı. Müller xahiş etdi ki, onun üçün nəsə çalım. Mən də Azərbaycan muğamlarını ifa etdim. Almanın gözü bərələ qalmışdı. Sağollaşıb çıxanda, skripkanı mənə uzadıb dedi ki, “bu, sənindir, dostların pulunu ödəyib”. Mənim üçün böyük sürpriz oldu. Çox sevindim. O alətin azı 50 min manat dəyəri var”.

Sənətçi mahnı yaradıcılığını da davam etdirdiyini bildirib. “Şəmkir” adlı mahnı yazdığını deyən Ceyhun yaxın zamanlarda həmin bəstənin məşhur türk müğənnisi tərəfindən ifa olunacağını da deyib.

Cəvahir