Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sultanahmetdəki Mərmərə Universitetinin rektorluq binasında “Mərmərə Universitetinin 135-ci ildönümü proqramı”na qatılıb.
Yenicag.az xəbər verir ki, sözügedən tədbirə azərbaycanlı aspirant, ilk ipək kitabın müəllifi, gənc rəssam Tünzalə Məmmədzadə də qatılıb. O, Ərdoğana ilk ipək kitab olan “Qurani-Kərim” hədiyyə edib. Məmmədzadənin ipək üzərinə qızıl və gümüş rəngli iplərlə toxuduğu Qurani-Kərim hər kəsi heyran edib. Türkiyə prezidenti bu nəfis sənət əsərini görüncə heyranlığını gizlədə bilməyib və müqəddəs kitabı öpərək gözlərinin üstünə qoyub.
Qeyd edək ki, Məmmədzadə sözügedən “Qurani-Kərim”i üç il müddətində hazırlayıb. Kitabda surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Kitabın ölçüsü 29 x 33 santimetrdir. İpək kitabın hazırlanmasında 50 metr parçadan, üz qabığında isə dəri materialından istifadə olunub. Kitab 614 səhifədən ibarətdir.