Azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsilə meylinin SƏBƏBLƏRİ: Aşağı keyfiyyət, yüksək xərclər… – Professordan açıqlama
Türkiyədə baş verən zəlzələdə 4 azərbaycanlı tələbənin vəfat etməsi, o cümlədən əksər tələbələrimizin Azərbaycana qayıtması xaricdə təhsillə bağlı məsələnin müzakirəsinə səbəb olub. Bəzi ekspertlərə görə, gənclərimiz ölkəmizdə universitetə girə bilmədiyi üçün Türkiyədə təhsil almağa meyillidirlər.
Mövzu ilə bağlı ABŞ-nin Rutgers Universitetinin müəllimi, professor Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan gənclərinin xaricdə təhsilə üz tutmasının əsas səbəbi milli təhsilin keyfiyyətinin aşağı və maliyyə xərclərinin çox olmasıdır:
“Azərbaycanda ödəniş haqlarının yüksək olması ilə yanaşı, ali məktəblərə qəbul testləri üçün müxtəlif fənlərdən hazırlıqlar uzunmüddətli dövrdə (3-5 il) xeyli xərc tələb edir. Bir çox ailələr bu xərcləri qarşılaya bilmir və buna görə də övladlarını Türkiyənin ucuz əyalət universitetlərində təhsilə göndərirlər. Digər problem odur ki, Azərbaycanda tələbələr üçün imtiyazlar yoxdur, hətta tələbələr Bakıdakı ictimai nəqliyyatdan güzəştli qiymətlərlə istifadə edə bilmirlər. Xaricdə isə tələbələr üçün güzəştlər mövcuddur, onlar üçün iş tapmaq da Azərbaycandakı qədər çətin deyil. Hazırda Türkiyədə 27 minədək tələbə təhsil alır. Fikrimcə, gənclərin mövcud problemləri öz həllini tapmalıdır. Əks halda hələ çox gənclərimiz xaricdə təhsil almağa meyilli olacaq”.
Gülşən Şərif