Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Azərbaycanlı tələbəmin olmasını çox istərdim" - Nobel mükafatçısı Aziz Sancar Bakıda  

Nobel mükafatçısı, türk əsilli professor, dr. Aziz Sancar bu gün Bakıda yerləşən “Yunus Emre” institutunu ziyarət edib. Görüş zamanı professor elm yolunda qazandığı təcrübələr barədə böyük bir səmimiyyətlə danışıb.

Yenicag.az xəbər verir ki, görüşü açıq elan edən “Yunus Emre” institutunun müdiri İbrahim Yıldırım dəyərli elm xadimini və iştirakçıları salamlayıb.

“Yunus Emre” institutu olaraq bir çox nazir, bir çox dövlət adamı, bir çox siyasi lideri institutumuzda qonaq etmişik. Bu gün isə elm dünyasına öz adını qızıl hərflərlə yazdırmış, bununla belə öz sadəliyi, təvazökarlığı, vətən, türk dünyası sevgisi ilə könüllərdə yer qazanmış Aziz Sancarı burada görməkdən şərəf duyuruq. Yunus Əmrəni dərindən sevdiyinizi də yaxşı bilirəm, Yunis Əmrənin adını daşıyan bir institutda sizi görmək çox sevindirici haldır.”

Professor da öz növbəsində görüşdə iştirak edənləri salamlayıb, böyük şairə olan ehtiramını bu sözlərlə ifadə edib:

“Yunus Əmrəyə olan sevgimi sözlərlə ifadə edə bilmirəm, Şekspir ingilislər üçün nə ifadə edirsə, Yunis Əmrə də türklər üçün eyni mənanı ifadə edir. Üstəlik Yunus Əmrə daha dərin, daha dəyərli bir şəxsiyyətdir. Çoxlu kitab oxudum, xeyli şair, yazıçı tanıdım, ancaq heç biri mənim üçün Yunus Əmrə kimi olmadı”.

Gənclərə tövsiyələr verən Aziz Sancar uğurunun formulunu da onlarla bölüşdü:

“Sözdə nəsə deməklə heç nə olmur, gərək çalışasan, əmək sərf edəsən. Sadəcə, çalışmaqla daimi uğur əldə etmək olar, üstəlik əməklə əldə etdiyiniz uğuru heç kim inkar edə bilməz. İstər Amerika olsun, istərsə də Avropa, dünyanın heç bir yerində zəhmətkeş insanın qarşısında heç kim dura bilməz.

Görüşdə iştirak edən millət vəkili Qənirə Paşayeva, uşaqlıq illərindən anası kimi kimyaçı olmaq istədiyini, buna görə də balacalıqdan kimyaçılara böyük rəğbət bəslədiyini bildirdi:

“Orta məktəbdə kimya fənni üzrə keçirilən olimpiadalara qatılırdım. Onda heç bir türkün Nobel mükafatı almadığına görə təəssüf hissi keçirirdim. Böyüdüyüm zaman bu mükafatı almaq istəyirdim. Mən Nobel ala bilmədim, kimya elmindən uzaqlaşaraq, özümə tamamilə fərqli bir yol seçdim. Ancaq buna görə özümü pis hiss etmirəm, çünki artıq bir türk bu mükafatı almağa nail olub. Aziz Sancar bütün stereotipləri qıraraq, elm dünyasında elə bir uğur qazandı ki, bütün dünyaya çalışaraq, bütün uğurların əldə edilə biləcəyini sübut etdi.”

Qənirə Paşayeva, professor Aziz Sancar və İbrahim Yıldırıma neftlə çəkilmiş rəsm əsərləri təqdim edib.

Sonda Nobel mükafatçısı professor, dr. Aziz Sancar Yenicag.az-ın suallarını cavablandıraraq, Azərbaycan haqqında təəssüratlarını bölüşüb:

“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Heç kim bunun əksini deyə bilməz. Bakını çox bəyəndim, təmiz və gözəl şəhərdir. Buradakı elm mühiti ilə də tanış oldum, bu sahədə çoxlu işlər görülüb. Ancaq bu işlər davamlı olaraq həyata keçirilməlidir”.

Professor həmçinin azərbaycanlıları da öz komandasında görmək istədiyini bildirib:

“Bir çox ölkədən yanımda çalışan tələbələr var. Çox istərdim ki, Azərbaycandan da tələbəm olsun. O da sonrada öz ölkəsində öyrəndiklərini tətbiq etsin.”

Yenicag.Az

www.yenicag.az

812
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM