2018-ci ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 943,3 min nəfər olub.
Yenicag.az xəbər verir ki, ölkə vətəndaşlarının 31,6 faizi Gürcüstana, 27,2 faizi İrana, 21,8 faizi Rusiyaya, 12,3 faizi Türkiyəyə, 1,8 faizi Ukraynaya, 1,5 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 69,9 faizi kişilər, 30,1 faizi isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 21,6 faiz, Gürcüstana gedənlərin sayı 7,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 0,1 faiz azalıb.
Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 79,7 faizi dəmir yolu və avtomobil, 19,4 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib. (Trend)