Azərbaycanlı və türk jurnalistlər ortaq media lahiyəsində birləşdilər

Türkiyədə Azərbaycanlı jurnalistlərin xəbər saytı fəaliyyətə başlayıb.

Yeniçağ.Az xəbər verir ki, tanınmış jurnalistlər Vüsalə Mahmudova və Pərviz Sultansoyun türk jurnalistlərlə ortaq yaratdıqları turkaznews.com xəbər saytı Türkiyə mediasında öz yerini tutmaqdadır. Məlumata görə, bir müddət əvvəl fəaliyyətə başlayan sayt həm Azərbaycan, həm də türk dilində xəbər yayımı ilə məşğuldur. Qısa müddətdə fəaliyyət göstərmələrinə baxmayaraq, turkaznews.com saytı artıq öz ziyarətçi kontingentini sürətlə genişləndirir.
Saytın qurucularının sözlərinə əsasən, bu media orqanının yaradılmasında başlıca məqsəd Azərbaycanla bağlı mühüm məlumatların Türkiyə ictimai rəyinə yüksək peşəkarlıqla, operativ şəkildə çatdırmaqdır. Eyni zamanda, sayt Türkiyə gündəminin mühüm hadisələri ilə bağlı Azərbaycan oxucusunun ilkin mənbədən məlumat almasını asanlaşdırmağa çalışır. Başqa sözlə desək, azərbaycanlı və türk jurnalistlərin ortaq lahiyəsi olan turkaznews.com saytı Türkiyə ilə Azərbaycan arasında media sferasında “körpü” funksiyasını daşıyacaq.

Türkiyə mediasının yüksək səviyyədə inkişafı və güclü rəqabət mühiti turkaznews.com saytının qurucularını narahat etmir. Onlar hesab edirlər ki, saytın malik olduğu yaradıcılıq potensialı onlara Türkiyədə fəaliyyət göstərməyə və tutduqları mövqeyi tədricən genişləndirməyə imkan verəcək.

Yeniçağ.Az