!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlılar “Gürcü arzusu”nu çiliklədilər: Vaşadze və Zurabişvili üçün “Böyük final”

!Reklam – Yazi

“Azərbaycanlılar səsvermədə də Vaşadzeyə rəğbətlərini göstərdilər və soydaşlarımızın 90 faizi “barıqa hökumət”in əleyhinə səs verdi”. 

“Gürcü arzusu” partiyası bütün administrativ resursları işə salaraq, çox iyrənc bir seçki keçirdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstanda ötən gün keçirilmiş prezident seçkilərinin ilkin nəticəllərini dəyərləndirən qonşu dövlətin parlament üzvü, müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının təmsilçisi Azər Süleymanov deyib.

Gürcüstanda oktyabrın 28-də keçirilmiş prezident seçkilərində favorit namizədlərdən heç biri tələb olunan ilk turda qələbəni təmin edəcək qədər səs toplaya bilməyib.

Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərin birinci turunun nəticələrinə dair açıqladığı rəqəmlər ikinci tura keçmiş iddialıların qazandığı səslər arasında ciddi fərq olmadığını göstərir.

MSK-nın məlumatına görə, hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili 38,6, müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. Daha bir müxalifətçi namizəd David Bakradze isə 11 faiz səs yığaraq mübarizəni dayandırıb.

Bununla belə, müstəqil mənbələr MSK-nın açıqladığı bu rəqəmləri şübhə altına alan nəticələr təqdim etməkdədirlər. Məsələn, “Azad seçkilər” qeyri-hökumət təşkilatının məlumatına görə, 28 oktyabr seçkilərində seçici fəallığı 46,6 faiz təşkil edib.

“Azad seçkilər”in açıqladığı nəticəyə əsasən, Qriqol Vaşadze 38,5, Salome Zurabişvili isə 37,6 faiz səs yığıb. İlk üçlüyü isə 11 faiz səslə Bakradze tamamlayır.

Qeyd olunur ki, Gürcüstanda prezident seçkilərinin 2-ci turu dekabrın 1-də keçiriləcək. Ekspertlərin əksəriyyəti bu fikirdədir ki, “Gürcü arzusu” partiyası dəstəklədiyi namizədin qələbəsi üçün xeyli əziyyət çəkməli olacaq.

Çünki Bakradzenin elektoratının mütləq hissəsinin Vaşadzeyə səs verəcəyi şübhə doğurmur. Bu amil Vaşadzenin seçkilərin 2-ci turuna təqribən 50 faiz səslə qatıldığını söyləməyə əsas verir.

Gürcüstanda seçkilərin 1-ci turunu Yenicag.az-a dəyərləndirən parlamentin Vahid Milli Hərəkat Partiyasından seçilmiş deputatı Azər Süleymanov “Gürcü arzusu” hökumətinin nəticələri saxtalaşdırmaq üçün bütün vasitələrə əl atdığını bildirib:

“Gözlədiyimiz kimi, hökumət bu seçkiləri çox iyrənc formada keçirdi. Bunun da əsas səbəbi Vahid Milli Hərəkat Partiyasının cəmiyyətin böyük hissəsi tərəfindən rəğbətlə qarşılanması, onun namizədinin prezident seçilmək şansının maksimum olması idi.

Təsəvvür edin ki, hakimiyyət orqanları hətta dəhşətli saxtakarlıqlardan sonra Zurabişvilinin səslərini güc-bəla ilə 38 faizə çatdıra bildilər. Ancaq onlar nə qədər saxtakarlıqlar etsələr də, xalqın iradəsi həlledicidir.

Mən çox fəxrlə demək istəyirəm ki, Gürcüstandakı soydaşlarımız bu seçkilərdə əsl birlik, əsl xarakter göstərdilər. Biz seçkiqabağı görüşlərdə də görürdük ki, azərbaycanlılar Vaşadzeyə necə rəğbətlə yanaşırlar. Onlar səsvermədə də Vaşadzeyə rəğbətlərini göstərdilər və azərbaycanlıların 90 faizi “barıqa hökumət”in əleyhinə səs verdi.

Biz əminik ki, hökumət hansı saxtakarlığa əl atırsa-atsın, seçkilərin ikinci turunda Vaşadze hökumətin namizədinə böyük fərqlə qalib gələcək”.

A.Zeynalov

www.yenicag.az

5919
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv