Azərbaycanlılar xarici səfər üçün bu ölkələri üz tutub

Ötən il ərzində xaricə gedən Azərbaycan vətəndaşlarının çox hissəsi İrana, daha sonra isə Gürcüstana səfər ediblər.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5 faiz artaraq 4908,1 min nəfər olub.

Ölkə vətəndaşlarının 33,6 faizi İran, 29,2 faizi Gürcüstan, 18,9 faizi Rusiya Federasiyası, 12,3 faizi Türkiyə, 1,4 faizi Ukrayna, 0,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,7 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,3 faizi kişilər, 34,7 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,8 faiz, Gürcüstana gedənlərin sayı 4,2 faiz, Türkiyəyə gedənlərin sayı 0,9 faiz, Rusiyaya gedənlərin sayı 0,3 faiz artıb.

2018-ci ildə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,4 faizi dəmir yolu və avtomobil, 17,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.