Azərbaycanlıları fars adlandıran tarix müəllimi işdən çıxarılıb

Gürcüstanda azərbaycanlı şagirdləri fars adlandıran müəllim işdən çıxarılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayonunun 5 nömrəli beynəlmiləl məktəbin tarix müəllimi Nana Bakuradze azərbaycanlı şagirdlərin milliyyətcə fars olduqlarını söyləyib və onlara millət olaraq yazığı gəldiyini bildirib.

Şagirdlər N. Bakuradzenin dediklərini videoya çəkiblər. Müəllimin dedikləri “Facebook” səhifəsində müzakirələrə səbəb olub. Gürcüstanda yaşayan azərbaycanlı təhsil işçiləri, “Facebook” istifadəçiləri və digərləri N. Bakuradzenin dediklərinə mənfi reaksiya veriblər.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev məsələ barədə Təhsil Nazirliyinə və müvafiq qurumlara məlumat verdiyini, N. Bakuradze barəsində ölçü götürülməsini tələb etdiyini bildirib. O, Gürcüstanda yaşayan azərbaycanlıları təmkinli olmağa və kiminsə səhv hərəkətini ümumiləşdirməməyə çağırıb: “Hər kim olursa-olsun, istər gürcü, istərsə azərbaycanlı, hər kəs dini və milli zəmində fikirlər söyləyərkən çox diqqətli və ehtiyatlı olmalıdır”.

Qeyd edək ki, Gürcüstan Təhsil Nazirliyinin Marneulidəki 5 nömrəli məktəbin rəhbərliyi ilə müzakirələrinin nəticəsi olaraq N. Bakuradze işdən çıxarılıb.

Yeniçağ.az