Azərbaycanlıların Türkiyədən mənzil alması: “Bu bizim əmlak sektoruna mənfi təsir göstərir” – Ekspert
Türkiyədə 400 min dollara əmlak alana vətəndaşlıq veriləcək. Belə ki, alınan daşınmaz əmlakın müqabilində Türkiyə vətəndaşlığı üçün müraciət edən əcnəbilərdən ən azı 3 il müddətində onu satmamaq tələb olunacaq. Statistikaya görə, Azərbaycan vətəndaşları 4 ay ərzində Türkiyədə 453 mənzil sahibi olublar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 71 mənzil və ya 18,6% çoxdur. Təkcə aprel ayında vətəndaşlarımızın Türkiyədə aldıqları mənzillərin sayı 156 olub və bu, bir il ərzində 19,1% artım olduğunu göstərir.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev öz fikirlərini Yenicag.az-la bölüşüb.
Onun sözlərinə görə, bu qərarın azərbaycanlılar üçün ciddi təsiri yoxdur:
“Rusiya-Ukrayna müharibəsi dövründə daşınmaz əmlak sektoru üzrə ən çox qazanan ölkə Türkiyə oldu. Müharibə başlayandan sonra Türkiyəyə təkcə Rusiyadan on minlərlə insan gəlib və nəticədə Rusiya vətəndaşlarına minlərlə daşınmaz əmlak satılıb. Bu baxımdan, Türkiyə daşınmaz əmlak sektorundan daha çox gəlir götürmək üçün limitləri artırdı. Lakin sözügedən qərar Azərbaycanın daşınmaz əmlak sektoruna elə də təsir etməyəcək. Bunun səbəbi azərbaycanlıların qardaş ölkədə vətəndaşlıqla bağlı problem yaşamamasıdır. Uzun illər Türkiyədə yaşayan azərbaycanlılar var ki, orada vətəndaş olmaq marağında deyillər. Çünki Türkiyədə bizə qarşı digər ölkə vətəndaşları kimi sərt davranış yoxdur. Hər ay Azərbaycan vətəndaşları Türkiyədən 100-dən çox daşınmaz əmlak alır. Bu bizim əmlak sektoruna mənfi təsir göstərir. Ümumilikdə, əcnəbilər üçün 400 min manat minimal hədd təyin edilməsi azərbaycanlılar üçün o qədər də təhlükəli rəqəm deyil. Çünki azərbaycanlılar daha çox Avropa ölkələrindən daşınmaz əmlak alıb vətəndaş olmağa üstünlük verirlər”.
Qeyd edək ki, keçən il maliyyə bazarlarındakı volatillik səbəbindən Türkiyədə əcnəbilər arasında əmlaka tələbat artıb. “Knight Frank” konsaltinq şirkətinin məlumatına görə, 2021-ci ildə dünya mənzil qiymətləri indeksində aparıcı şəhərlər siyahısına İstanbul, Ankara və İzmir daxil edilib.
Gülşən Şərif