Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlıların Türkiyənin daşınmaz əmlak bazarında iştirakı: “Onların sayı daha da artacaq” – Ekspertdən PROQNOZ

“Postpandemiya dövründə Türkiyədə daşınmaz əmlak alan azərbaycanlıların sayında artım müşahidə olunacaq”.

Türkiyənin Statistika İdarəsinin məlumatına görə, bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 154 mənzil alıb. Bu isə ötən ilin müvafiq ayı ilə müqayisədə 66 mənzil və yaxud 75 faiz çoxdur.

Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak almaqda maraqlı olmalarının səbəblərini Yenicag.az-a şərh edən əmlak məsələləri üzrə ekspert Mirdamət Əzizov bildirib ki, bu məsələdə qiymətlərin münasibliyi mühüm rol oynayır:

Azərbaycanda 30-40 min dollara bir və ya iki otaqlı mənzil almaq mümkündürsə, Türkiyənin mərkəzi şəhərlərində bu qiymətə üçotaqlı mənzil almaq olur. Eyni zamanda, övladı Türkiyədə təhsil alan bir çox ailələr orada daşınmaz əmlak almağa üstünlük verirlər.

Çünki Türkiyədə kirayə pulu və kommunal xərcləri yüksək olduğuna görə daşınmaz əmlak almaq daha sərfəlidir. Bununla yanaşı, əlavə gəliri olan müəyyən şəxslər Türkiyədə aldıqları daşınmaz əmlakı icarəyə verərək, əlavə qazanc əldə edirlər. Bu göstərici üzrə avqust ayında müşahidə olunan artımın əsas səbəbi isə yeni tədris ilinin başlaması ilə əlaqədardır”.

Pandemiya dövrünün əmlak bazarına təsirlərinə də toxunan Mirdamət Əzizovun sözlərinə görə, son iki ay ərzində daşınmaz əmlak bazarında müəyyən canlanma yaranıb:

“Karantin rejiminin tətbiq olunduğu aylarda əmlak sahəsi ən aşağı inkişaf mərhələsini yaşadı. Lakin son aylar əmlak alqı-satqı və kirayəsində müəyyən dirçəlmə var.

Ötən illə müqayisədə hazırda Türkiyədə daşınmaz əmlakın qiymətində təqribən 1000-1500 dollar civarında ucuzlaşma var. Postpandemiya dövründə Türkiyədə daşınmaz əmlak alan azərbaycanlıların sayında artım müşahidə olunacaq. Bu niyyətdə olanlar sərhədlərin açılmasını gözləyirlər”.

Gülşən Şərif

www.yenicag.az

1672