Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və “Azerconnect” şirkətinin dəstəyi ilə 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün “Cyber Summer School –2023” (CSS) beynəlxalq yay məktəbi təşkil olunub.
Artıq üçüncü ildir ki, baş tutan yay məktəbi ərzində yerli və xarici mütəxəssislər
tərəfindən iştirakçılar üçün kibertəhlükəsizlik sahəsində təlimlər, texnoloji turlar, habelə bu
sahədə bilik yarışı keçirilib.
Bu ilin 24-29 iyul tarixlərində baş tutmuş “Cyber Summer School – 2023” yay məktəbinə
Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan,
Özbəkistan, Qırğızıstandan olan ümumilikdə 125 iştirakçı cəlb edilib.
Yay məktəbinin bağlanış tədbirində bilik yarışının qalibi olan komandalar “Azerconnect” və
digər təşkilatlar tərəfindən mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub.
2021-ci ildən etibarən ənənəvi olaraq hər il həyata keçirilən layihənin əsas məqsədi
tərəfdaş ölkələrdən olan yay məktəbi iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf
etdirilməsi, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin
müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsi, habelə kibertəhlükəsizlik
sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.
“Azerconnect” şirkəti NEQSOL Holding beynəlxalq şirkətlər qrupuna daxildir.