“Azərenerji” hansı ölkələrə elektrik enerjisi ixrac edir?

Prezident İlham Əliyev bir neçə gün əvvəl TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Azərbaycanın xarici dövlətlərə elektrik enerjisi ixrac etməsini xüsusi vurğulayıb. Dövlət başçısı Azərbaycanın Gürcüstana və Türkiyəyə elektrik enerjisi ixrac etdiyini qeyd edib:

“Digər layihə elektrik enerjisinin ötürülməsidir. Artıq Azərbaycan Gürcüstana və Türkiyəyə elektrik enerjisini ixrac edir. Əgər enerji layihələri, yaşadığımız bölgədə sabitlik, qarşılıqlı dəstək, anlaşma olmasaydı bunların biri də həyata keçməzdi”.

Maraqlıdır, Azərbaycan hazırda xarici dövlətlərə nə qədər elektrik enerjisi ixrac edir?

Yenicag.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirilib ki, enerjinin mübadiləsi, o cümlədən ixracı fəsillərə və aylara görə dəyişir.

“Dekabr ayı ərzində orta hesabla Azərbaycan-Gürcüstan sərhədini keçərək saatda 320 MVt elektrik enerjisi ixrac olunur ki, onun da 50 MVt-ı Türkiyəyə ötürülür. Eyni zamanda Azərbaycandan Gürcüstana, ordan isə Türkiyəyə ötürülən elektrik enerjisinin 10 MVt-ı Yunanıstana ixrac olunur. Həmçinin Rusiyaya orta hesabla 20 MVt elektrik enerjisi ötürülür”.

Azərenerji ASC-dən bildirilib ki, qarşıdakı aylarda müqavilə əsasında digər Avropa dövlətlərinə də elektrik enerjisinin ixrac edilməsi planlaşdırılıb.