“Azerfon” “Nar+” mobil tətbiqini təqdim etdi – FOTOLAR

“Nar” şirkəti 2019-cu ilin ilk yarısında həyata keçirdiyi fəaliyyətin nəticələrini açıqlayıb.

Yenicag.az xəbər verir ki, “Nar” şirkətinin yarımillik fəaliyyətinə dair nəticələrin açıqlandığı və “Nar+” tətbiqini təqdim edildiyi tədbirə “Azerfon”un baş icraçı direktoru Qunnar Panke, “Nar”ın Kommersiya direktoru Qəhrəman Kazımov və şirkətin digər səlahiyyətli şəxsləri qatılıblar.

Çıxış edən “Azerfon”un baş icraçı direktoru Qunnar Panke mətbuat nümayəndələrini və qonaqları salamlayaraq, şirkətin ümumi prioritet istiqamətlərindən, gördüyü işlərdən və əldə etdiyi nailiyyətlərdən danışıb.

Panke qeyd edib ki, “Nar” keçən 6 ay ərzində nəzərəçarpacaq uğurlara imza atıb:

“Nar” olaraq, əsas hədəflərimizdən biri üstün müştəri məmnuniyyətinə nail olmaqdır. Azərbaycan mobil rabitə bazarında müşahidə olunan güclü rəqabət mühitində biz müştəriyönümlü strategiyamızı uğurla davam etdirmişik.

Müştərilərə göstərdiyimiz yüksək keyfiyyətli xidmət sayəsində “Nar” son 2 il ərzində ilk dəfə olaraq, müştəri loyallığı indeksi üzrə mobil operatorlar arasında birinci olub”.

Daha sonra jurnalistlərin kommersiya xarakterli suallarını cavablandıran icraçı direktor şirkətin prinsiplərinə uyğun olaraq, maliyyə məsələlərinin açıqlanmamasına üstünlük verdiklərini diqqətə çatdırıb.

Panke vurğulayıb ki, digər mobil şəbəkələrdən fərqli olaraq, “Nar” yenilikləri yaradıb müştəriyə təqdim etməklə işini bitmiş saymırir, o, müştərinin istəklərini nəzərə alır və bu tələbləri öz fəaliyyətində ön plana çəkir.

“Nar”ın Kommersiya direktoru Qəhrəman Kazımov jurnalistləri şirkətin hesabat xarakterli fəaliyyəti ilə tanış edib və daha sonra media mənsublarının suallarını cavablandırıb.

“Nar+” mobil tətbiqinin təqdim olunduğu tədbirdə bu yeni proqramın abunəçilər üçün yaratdığı imkanlar, onun strukturu və istifadə dairəsi haqqında məlumat verilib, jurnalistlərə bu mobil tətbiqlə yaxından tanış olmaq imkanı yaradılıb.

Aqil Bəkir