Azəri Gənclər Alyansı ictimai birliyi Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Biz erkən nikahlara yox deyirik” layihəsini uğurla həyata keçirib.
Layihə çərçivəsində Lerik rayonunun Heydər Əliyev Mərkəzində, Astara rayonunun 2 saylı tam orta məktəbində və Lənkaran şəhərinin Lənkəran Gənclər Evində ümumilikdə 80 nəfər olmaqla, 11-16 yaşlı yeniyetmə gənc qızlar üçün 4 günlük maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlərdə ekspert və təlimçi tərəfindən fərqli təhsil metodları ilə maarifləndirici təlimlər keçirilib.
Layihə rəhbəri Ayfər Şakirli Azəri Gənclər Alyansının 2017-ci ildən davamlı olaraq cənub regionunda erkən nikahlara dair maarifləndirmə işinə dəstək olmaq üçün məktəbli qızlar və onların valideynləri ilə infossessiyalar, təlimlər təşkil etdiyini qeyd edib. Layihənin eksperti Bahar Mürsəliyeva gənclərlə müzakirələrdə regionda qızların təhsil göstəriciləri, erkən nikahlarla mübarizədə görülməli işlər barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Təlimçi Leyla Cahangirova erkən nikahların baş vermə səbəblərinə, kökünə diqqəti çəkərək cəmiyyətdə maariflənmənin erkən yaşdan aparılmasının əhəmiyyətini iştirakçılara fərqlı təhsil metodları ilə çatdırmağa çalışıb.
Layihə çərçivəsində “Biz erkən nikahlara YOX deyirik!” adlı maarifləndirici sosial çarx hazırlanıb və sosial media vasitəsilə ictimaiyyətə təqdim olunub. Eyni zamanda, sosial çarx təlimlər zamanı nümayiş etdirilib. Videoçarxda səhnələşdirilmiş erkən nikahla bağlı hadisəni şərh edən məktəblilər rayonlarında baş verən bu kimi hallara qarşı necə mübariazə aparacaqları, mövcud qaynar xətlər, müraciət edə biləcəkləri qurumları tanıdıqlarını bildiriblər.
Yekunda regionda erkən nikahlarla mübarizə işini gücləndirmək üçün rəy və təkliflər verilib, iştirakçılara sertifikatlar təqdim edilib.