Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azəriqaz”da qalmaqallı islahat başlayır - İxtisarlar olacaq

“Azəriqaz” İstehsalat Birliyində növbəti qalmaqal yarana bilər.

Bu barədə “Reytinq”ə adıçəkilən qurumun məsul şəxslərindən biri deyib.

“Azəriqaz” əməkdaşı bildirib ki, SOCAR-da “Beynəlxalq standartlara keçid” adı ilə aparılan islahatlar çərçivəsində bəzi müəssisələri birləşdirmək, bəzi işçiləri ixtisar etmək və yaxud dərəcələrini aşağı salmağı planlaşdırıblar. “Azəriqaz”da da bu planı reallaşdırmaq istəyirlər.

Məlumatda qeyd edilir ki, hazırda SOCAR-ın tabeliyində olan və birbaşa neft hasilatı ilə məşğul olan müəssisələrdə bu proses gedir. “Beynəlxalq Standartlara keçid”in SOCAR-ın özündə bu ilin sonuna qədər yekunlaşdırılması gözlənilir.

Mənbəmizin iddiasına görə, bu proses təkcə SOCAR-ın neft sənayesi üzrə olan müəssisələrində deyil, qurumun strukturuna daxil olan 26 idarə və istehsalat birliklərində də aparılcaq: “Hətta bəzi müəssisələrin birləşdirilməsi gözlənilir. Hazırda struktur dəyişikliyi üzrə “Azneft” İstehsalat Birliyində son planlanma işi aparılır. Böyük ehtimalla iyul ayından “Azəriqaz” İstehsalat Birliyində də prosesə start veriləcək”.

Məlumata görə, islahat pərdəsi altında “Azəriqaz”da xeyli işçi ixtisara salınacaq:

“Hazırda hansı işçilərlə əmək müqaviləsini birdəfəlik ləğv edəcəklərini gizli saxlayırlar. Bunu yarana biləcək qalmaqalı önləmək üçün edirlər. Amma fakt odur ki, SOCAR və ona bağlı olan digər müəssisələrdə tətbiq edilmiş variant “Azəriqaz”da da təkrarlanacaq. Yəni ixtisara salınacaq işciyə əmək haqqının 5 misli qədər maaş ödəniləcək. Bundan əlavə, struktur bölmədə çalışan orta təhsilli şəxslər 5-ci dərəcəyədək düşürüləcəklər. Orta ixtisas təhsilli və mühəndis vəzifəsində çalışan şəxslərin dərəcələri isə 7-8-ci dərəcələrdək endiriləcək. İxtisası mühəndis olmayan ali təhsilli şəxslərin isə vəzifələrə uyğun olaraq 9-10-cu dərəcəyədək olan ştatlara yerləşdirilməsi planlaşdırılır”.

Məlumatlı şəxs deyib ki, bu proses həm maliyyə, həm də bir müddət əvvəl “Azəriqaz”da “Ernst and Young” adlı audit təşkilatının apardığı yoxlama zamanı üzə çıxan çox ciddi yeyintilər və digər məsələlərlə əlaqəlidir:

“Xatırlayırsınızsa, o zaman mətbuat bu yoxlamadan yazmışdı. Aydın olmuşdu ki, qurumun rəhbəri Əkbər Hacıyev çox böyük yeyinti və qanunsuzluqlara yol verib. Hətta bildirilir ki, “Azəriqaz”da xərclər – xammal və materialların alınması, nəqliyyat xərcləri, təmir işlərində qiymətlər orta bazar qiymətini 20 faizdən çox aşır. Yəni xərclər azı 20 faiz şişirdilir”.

Auditin nəticəsinə əsasən bildirirlir ki, “Sentra” adlı podratçı hətta “Azəriqaz”ın sifarişini bazar dəyərindən 38 dəfə baha yerinə yetirib. Bundan başqa, “Azəriqaz”da ştatların süni şişirdilməsi faktı da üzə çıxıb. Məsələn, hazırkı stuktura qədər, yəni “Azəriqaz” QSC (Qapalı Səhmdar Cəmiyyəti) olarkən, idaretmə aparatında cəmi 11 şöbə olub və 250 işçi çalışıb. Lakin Prezidentin 01 iyul 2009-cu il tarixli 366 nömrəli “Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə “Azəriqaz” İstehsalat Birliyinə çevriləndən və Əkbər Hacıyev baş direktor təyin ediləndən sonra vəziyyət dəyişib:

“Hazırda Birliyin idarəetmə aparatında 33 şöbə var və orada 598 nəfər işçi çalışır. Əlavə yaradılan əksər şöbələr bir-birini təkrarlayır. O zaman ştat artımının niyə yaradıması da cəmiyyətin müzakirəsində idi. Hətta SOCAR sistemində hamı bilirdi ki, yeni yaradılan şöbələrin əksəriyyətinin rəhbərliyinə gətirilənlər hansısa məmurun 1-ci və 2-ci dərəcəli qohumlarıdır. İndisə şöbələrin birləşdirilməsi və ixtisar söhbəti onların çoxunu narahat edir. Bu isə vəzifəli şəxsləri qarşıdurma həddinə çatdırıb”.

“Azəriqaz” əməkdaşı deyib ki, çalışdığı Birlikdə maaşla yanaşı, vəzifəli şəxslərə hər ay pul mükafatı da verilib. Məsələn, regional idarə rəisləri 2112 manat maaşla yanaşı, hər ay 1270 manat əlavə mükafat alıblar. Müavinləri 1964 manat maaşın qarşılığında hər ay 1000 manat, xidmət sahə rəisləri də 1964 manatdan əlavə 785 manat mükafatlandırılıblar.

Mükafatlandırma “Azəriqaz”ın mərkəzi aparatında da tətbiq edilib. Hamısı yüksək maaşla yanaşı, hər ay maaşın ən azı 50 faizi həcmində əlavə pulla təmin ediliblər. Maraqlıdır ki, rəhbər şəxslərə səxavətli olan “Azəriqaz” rəhbəri Əkbər Hacıyev cəmi 250 manat maaş alan fəhləni düşünməyib.

Məsələyə qurumun rəhbəri Əkbər Hacıyevin münasibətini öyrənmək mümkün olmayıb.

Yenicag.az

www.yenicag.az

3077
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100