“Azəriqaz” İstehsalat Birliyi “smart-kart” tipli sayğaclardan imtina edilməsi ilə bağlı məlumat haqda daha bir açıqlama yayıb.
Yenicag.az məlumatına görə, birlik maliyyə imkanlarını nəzərə alaraq “İTRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb.
“Azəriqaz” İB belə hesab edir ki, bu cür addım təşkilatın maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq.
Digər tərəfdən “smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək.
Məsələn, Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradır.
Ona görə də belə tikililərdə “smart-kart” tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək.
Daha bir məqama diqqət çəkmək istərdik ki, mexaniki sayğaclardan istifadə edən abonentlərimizin ödənişləri son illər xeyli yaxşılaşıb, yığımlar demək olar ki, 100 % yerinə yetirilir.
Belə olan halda, mexaniki sayğacların quraşdırılmasında hər hansı problem görülmür və bu həm də “Azəriqaz” İB üçün maliyyə baxımından xeyli sərfəli hesab olunur”.
“Azəriqaz” İB-dən bildirilib ki, “İTRON GALLUS” şirkətinin istehsal etdiyi sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb və “Azəriqaz” İB-nin aldığı bu qurğularda hər hansı problem yaşanmır”.
Xatırladaq ki, bundan əvvəl açıqlama verən “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirmişdi ki, smart tipli sayğacların alışının azaldılması barədə qərar verilib:
“Mexaniki sayğaclarda abonent sərfiyyata görə ödəniş edir. Hər ay abonentə qaz sərfiyyatı barədə bildiriş verilir və o, ödənişini edir.
Hesab edirik ki, bundan sonra quraşdırılacaq mexaniki sayğaclarda hər hansı narazılıq yaranmayacaq. Bu zaman həm də vətəndaş balansına pul yükləyə bilmədiyinə görə qazsız qalmayacaq.
Ola bilər ki, sonrakı mərhələlərdə şirkət daha sərfəli və yeni nəsil sayğaclar təklif etsin. Təbii ki, biz bu təklifləri dəyərləndirəcəyik.