Xəbər verdiyimiz kimi, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib, onun yerinə isə Azər Məmmədov təyin olunub.
Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu təyinatadək qurumda baş direktorun müavini vəzifəsində çalışan Azər Məmmədov şəhid oğludur.
Belə ki, onun atası Vəli Məmmədov 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulmuş helikopterdə olub. Mərhum deputat V.Məmmədov terror hücumunda həyatını itirən 22 nəfərdən biridir.
Maraq üçün onu da qeyd edək ki, Təhlükəsizlik Şurasının növbəti iclasında iştirak etmək üçün tərtib olunan siyahıdan əvvəlcə millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədovun adları çıxarılıb. Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Nəticədə Deputatlar Vaqif Cəfərov və “Azəriqaz”ın baş direktorunun atası Vəli Məmmədovun adı yenidən siyahıya daxil edilir.
Qeyd edək ki, V.Məmmədov 1931-ci ildə Yardımlıda anadan olub.
Fotoda Vəli Məmmədov ailə üzvləri ilə…