“Azərişıq” yaşıl enerji ilə işləyən EDM-lərin sayını ARTIRDI

“Bakı şəhəri və ətraf ərazilərdə 22, işğaldan azad edilmiş ərazilərdə 7, digər bölgələrdə isə 15 EDM məntəqəsi fəaliyyət göstərir”.

Yenicag.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Zəngilanda keçirilən mətbuat konfransında deyib.

Mərkəz direktoru vurğulayıb ki, “Azərişıq” ASC son illərdə ekoloji cəhətdən faydalı elektromobillərin istifadəsini təşviq edən layihələrə imza atıb:

“Bu təşəbbüs, xüsusilə ötən ilin noyabr ayında keçirilən COP29 konfransı ərəfəsində daha da gücləndirilib. Ölkə üzrə paytaxt Bakı və bölgələrdə, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə işləyən enerji doldurma məntəqələri (EDM) quraşdırılıb.

Bu təşəbbüs çərçivəsində Bakı şəhəri və ətraf ərazilərdə 22, işğaldan azad edilmiş ərazilərdə 7, digər bölgələrdə isə 15 EDM məntəqəsi fəaliyyət göstərir. Həmçinin, Qusar şəhərində, Şahdağ istirahət kompleksi yolu üzərində 60 kVt-luq EDM məntəqəsi quraşdırılıb və artıq proqram təminatına inteqrasiya prosesi də həyata keçirilir”.

Məsimə Məmmədova