“Azərlotereya”nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edildi – FOTO

Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə Fondun donor və tərəfdaşlarının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə işgüzar görüşü keçirilib. “Azərlotereya” ASC tərəfindən alınan üç minaaxtaran itin ANAMA-ya təqdim olunması baş tutub.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyini bildirirək, bu problemin həllində hər kəsin həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib. Bu günə qədər Fondun fəaliyyətinə dəstək verən donor və tərəfdaşlara təşəkkür edən Rəhman Hacıyev, birgə atacağımız addımlar sayəsində tezliklə Qarabağı dünyanın ən gözəl məkanlarından birinə çevirəcəyimizə əminliyini ifadə edib.

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, minalardan təmizlənməsi istiqamətində də həyata keçirilən işlərə töhfə verdikləri üçün çox şad olduqlarını deyib. Onun sözlərinə görə, ANAMA-ya hədiyyə edilən minaaxtaran itlər işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi ilə yanaşı, bərpa-quruculuq işlərinin sürətləndirilməsinə də öz töhfəsini verəcək. Həmçinin bildirib ki, “Hər şey Qarabağ üçün” layihəsi çərçivəsində tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi QDF-yə ianə edilir. Bundan əlavə, 2022-ci ildən həyata keçirilən “Əmanətə sədaqət” layihəsində 150-dən çox şəhid ailə üzvünün təhsil və yaşam xərclərinin qarşılandığını qeyd edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edərək mina və müharibənin digər partlayıcı qalıqları probleminin həllinə nail olmağın kollektiv səy və möhkəm tərəfdaşlıq tələb etdiyini diqqətinə çatdırıb və bu sahədə dəstək göstərən tərəfdaşlara minnətdarlıq ifadə edib.

Çıxışlardan sonra işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədi ilə “Azərlotereya” tərəfindən alınmış Romi, Şimşək və Skubi adlı üç minaaxtaran it QDF-in vasitəçiliyi ilə ANAMA-ya ianə edilib. ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanova bununla bağlı sertifikatları Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş təqdim ediblər.

Tədbirdə son 12 ay ərzində 500.000 AZN vəsaiti işğaldan azad edilmiş ərazilərin dirçəlişinə ianə etdiyinə görə “Azərlotereya” ASC-yə xüsusi “Təşəkkür sertifikatı” təqdim olunub.

COP29