Natiq Cəfərli: “Yeni zavod istifadəyə verilənə qədər həmin məhsullarla təminatda ciddi problemlər yaşana bilər”
Vahid Əhmədov: “Burada qeyri-adi bir şey yoxdur”
“Yerinə başqa bir zavod tikmədən, “Azərneftyağ” zavodunun fəaliyyətinin dayandırılması düzgün deyil”.
Bu sözləri Yenicag.az saytına açıqlamasında müstəqil iqtisadçı ekspert Natiq Cəfərli ARDNŞ rəhbəri Rövnəq Abdullayevin “Azərneftyağ” İstehsalat Birliyinin fəaliyyətini dayandıracağı ilə bağlı elanına münasibət bildirərkən söylədi: “Azərneftyağ” İstehsalat Birliyinin keçən əsrin 70-ci illərində qurulduğunu nəzərə alaraq, oradakı avadanlıqların həddən artıq köhnəldiyi artıq məlum idi. Çox təəssüf ki, hökumət zamanında qərar qəbul edib, zavodun modernləşdirilməsinə getmədi. Bunu etsəydi, hazırda benzinlə bağlı yaşanan problemlər də olmazdı. Azərbaycan neft ölkəsi olsa da, prenium markalı benzinin böyük hissəsini xaricdən idxal edir ki, bu da unanverici haldır. Vaxtında modernləşmə olmadığından artıq şəhərin planında həmin sahələrin yenidən qurulması nəzərdə tutulur. Bütün bu layihələr çərçivəsində şəhər mərkəzinə yaxın yerdə yerləşən neftayırma zavodlarının mərkəzdən çıxarılması qərara alındı. Ekoloji nöqteyi-nəzərdən bunu düzgün qərar hesab etmək olar. Amma ən azından yerinə başqa bir neftayırma zavodu tikildikdən sonra belə qərarın verilməsi daha məntiqli idi. Ələt qəsəbəsində isə yeni neftayırma zavodu ancaq 2020-ci ildən sonra istifadəyə veriləcək. “Azərneftyağ” zavodu isə yaxın iki ildə bağlanacaqsa, deməli ölkəmiz yeni zavod istifadəyə verilənə qədər həmin məhsullarla təminatda ciddi problemlər yaşaya bilər. Ümid edirik ki, bu problemləri əvvəlcədən görüb, çıxış və həll yollarını indidən hazırlayıblar”.
Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov isə bildirdi ki, “Azərneftyağ” zavodunun fəaliyyətinin dayandırılmasında qeyri-adilik axtarmağına lüzum görmür: ”Azərneftyağ” zavodunun yerləşdiyi ərazidəki obyektlərin hamısı köçürülməlidir. Bilirsiniz ki, prezidentin göstərişi ilə buradakı bulvar uzadılmalıdır. Yəni “Azərneftyağ” zavodunun fəaliyyətinin dayandırılması da şəhərin planına əsasən həyata keçirilir. Burada qeyri-adi bir şey yoxdur. Azərbaycandakı digər zavod ölkəni benzinlə təmin edəcək. Yüksək oktanlı benzini isə xaricdən idxal edirik. Ona görə də bu istiqamətdə narahat olmağına dəyməz”.
Rüfət