Bu gün qadın voleybolçuların Yüksək Liqasında XVII turun oyunlarına start verilib.
Yenicag.az xəbər verir ki, günün ilk matçında “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Görüş ikincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyununda “Azərreyl” “Gəncə”ni qəbul edib. Qarşılaşma “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Tura martın 13-də UNEC – “Abşeron” matçı ilə yekun vurulacaq. Qarşılaşma UNEC-in idman zalında təşkil olunacaq.
Bu nəticələrdən sonra xallarını 42-yə çatdıran “Azərreyl” turnir cədvəlinə başçılıq edir. “Murov Az Terminal” 37 xalla ikinci, bir oyun az keçirən “Abşeron” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.