“Azərsığorta”nın bəzi səlahiyyətləri DSMF-yə keçdi

Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Milli Məclisin deputatlarının, hakimlərin, Silahlı Qüvvələrin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri bu il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) keçib.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin ötən il mayın 18-də imzaladığı “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda öz əksini tapıb.

Fərmana əsasən, dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalının sığorta haqlarını sığortaçıya ödəməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) həyata keçirəcək.