“Azərsu” xüsusi iş rejiminə keçir

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə qərarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 6-7 iyun tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək.

Bu barədə Yenicag.az-a “Azərsu” ASC-dən bildirilib.

Bu tarixlərdə yalnız zəruri istehsal, istismar və xidmət sahələrində çalışanların fəaliyyətinə icazə veriləcək. İşə cəlb olunacaq zəruri və məhdud sayda işçilər müəyyən edilərək elektron icazə portalında (www.icaze.e-gov.az) qeydiyyatdan keçirilib. Həmin işçilərə işə çıxarkən şəxsiyyəti təsdiq edən sənədi və işçi vəsiqələrini üzərlərində saxlamaları barədə tapşırıq verilib. 6-7 iyun tarixlərində ictimai nəqliyyatIn hərəkətinə məhdudiyyətlərin tətbiq olunması nəzərə alınaraq fəaliyyətinə icazə verilən işçilərin iş yerlərinə gediş-gəlişi yalnız “Azərsu” ASC-nin xidməti nəqliyyat vasitələri hesabına həyata keçiriləcək.

İstirahət günlərində 955 Zəng mərkəzi fasiləsiz fəaliyyət göstərəcək. Vətəndaşlar su təchizatı, tullantı suları, sayğaclarda yaranan texniki problemlər və digər məsələlərlə bağlı müraciət edə bilərlər. “Azərsu” ASC-nin qəza briqadaları da 24 saat fəaliyyət göstərəcək.

Bununla yanaşı, Cəmiyyətin tabeçiliyində olan bütün struktur vahidlərinin rəhbərləri və işçi heyəti xüsusi karantin rejimi dövründə müvafiq dövlət orqanlarının, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə ciddi şəkildə əməl etmələri barədə məlumatlandırılıb.